IMG-LOGO

"Karvan-Yevlax"ın portuqaliyalı qapıçısı: "Komandanın Premyer Liqada qalacağına inanıram" - MÜSAHİBƏ

12 Feb 2026 13:46 4 baxış
IMG

"Karvan-Yevlax"ın portuqaliyalı qapıçısı Pedro Mateuş "Report"a müsahibə verib. 29 yaşlı qolkiper komandasının Misli Premyer Liqasının XIX turda "Turan Tovuz"la oyunundan və cari mövsüm ölkə çempionatındakı uğursuz çıxışından danışıb.

- Premyer Liqada keçirdiyiniz son oyunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzdunuz. Qarşılaşmanı necə şərh edərdiniz?

- Çətin oyun olacağını bilirdik və istədiyimizi meydanda tam şəkildə tətbiq edə bilmədik. Topa sahibolma göstəricimiz ürəyimizcə olmadı və çoxlu qol imkanları yarada bilmədik. Rəqib qapısı önündə təhlükəli hücumlar təşkil edə bilmirdik. Bunlar üzərində işləməli olduğumuz məqamlardır. Bu matçı təhlil edəcəyik və növbəti görüşlərdə daha yaxşı çıxış etmək üçün çalışacağıq.

- Oyunun sonlarına yaxın rəqib komandanın futbolçusu Filip Ozobiç sizin oyunçuya qarşı kobud oynadı və sarı vərəqə ilə cəzalandı. Həmin vaxt "Karvan-Yevlax" tərəfi hakimin qırmızı vərəqə göstərməsini istəyirdi. Sizcə, Ozobiç meydandan kənarlaşdırılsaydı, ən azı 1 xal qazana bilərdiniz?

- Hakim öz qərarını verdi və biz buna hörmətlə yanaşmalıyıq. Əlbəttə, son dəqiqələrdə yaşanan bu vəziyyət qarşılaşmanın gedişinə təsir göstərə bilərdi. Lakin bunu bəhanə kimi istifadə edə bilmərik. Biz nəzarətimizdə olan məqamlara diqqət yetirməli və öz oyunumuzu yaxşılaşdırmalıyıq.

- Komanda Premyer Liqada ilk və son qələbəsini II turda əldə edib. Qələbəsiz seriyanın uzun müddətdir davam etməsinin səbəbi nədir?

- Bu, bizim üçün psixoloji baxımdan çətindir. Nəticə qazanılmadıqda təzyiq artır və bu, kollektivin inamına təsir göstərir. Bununla belə, biz çox çalışır və psixoloji cəhətdən güclü qalmağa çalışırıq. Hazırkı çətinliyin öhdəsindən gəlməliyik. Sabit çıxış etmək və qalib gəlməyin yeganə yolu budur.

- Sizcə, "Karvan-Yevlax" cari mövsüm Premyer Liqadakı yerini qoruya biləcək?

- Bəli, buna inanıram. Sonadək mübarizə aparmaq üçün həm keyfiyyətli heyətimiz, həm də gücümüz var. Ən vacib məqam birliyimizi qorumaq və görülən işə inanmaqdır. Qarşıda çox oyun var. Bu matçlarda xallar qazansaq, hər şey yaxşıya doğru dəyişə bilər.

- Komandada hazırda nə çatışmır?

- Düşünürəm ki, əsas məqamlarda daha çox sabitliyə və özünəinama ehtiyac var. Bəzən məsələ keyfiyyətdə deyil, daha düzgün qərarlar verməkdə və 90 dəqiqə ərzində diqqəti qoruyub saxlamaqdadır. Bunun üçün isə psixoloji cəhətdən güclü olmalıyıq. Fiziki baxımdan ən yaxşı vəziyyətdə ola bilərsən, amma mental olaraq hazır deyilsənsə, işlər qaydasında getmir. Bu istiqamətdə irəliləyiş əldə etsək, mütləq daha yaxşı nəticələr qazana bilərik.

- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Bu matçda sürpriz edəcəyinizə inanırsınız?

- "Zirə" güclü komandadır, amma futbolda hər oyun 0:0 hesabı ilə başlayır. Diqqətli olsaq, gücümüzü toplasaq, niyə də uğur qazanmayaq? Məncə, "Zirə" ilə rəqabət apara və nəticə qazana bilərik.

- Azərbaycana uyğunlaşa bilmisiniz?

- Azərbaycan çempionatında güclü rəqabət var. Bu mənada burada qalmaq və oynamaq maraqlıdır. Lakin yeni bir ölkəyə və mədəniyyətə uyğunlaşmaq həmişə çətin olur. Buna addım‑addım öyrəşirəm.

Xəbər lenti