IMG-LOGO

Bakıda imzalanan Xartiya Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair strateji baxışı əks etdirir - RƏY

11 Feb 2026 19:39 5 baxış
IMG

Bu gün yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafı istiqamətində hər iki tərəfin göstərdiyi səylər dünyanın diqqət mərkəzindədir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub:

"Hər iki ölkənin Prezidentlərinin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq. Donald Trampın Prezident seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir".

Deputat onu da vurğulayıb ki, ABŞ lideri Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib:

"O dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlarımız arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə ümidləri artırır. Qarşılıqlı səfərlər, imzalanan sənədlər, müxtəlif tərkibdə heyətlərin görüşləri, əməkdaşlığın istiqamətlərinin müzakirəsi gələcək münasibətimizin aydın mənzərəsini təqdim edir. İkitərəfli gündəlik zəngindir".

V.Rəhimzadə əlavə edib ki, Bakıda imzalanan Xartiya Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair strateji baxışı əks etdirir:

"Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. İmzalanan Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-ABŞ əməkdaşlığı beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində önəmli rol oynayacaq. İki ölkə fəal və səmərəli birgə iş, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığı bundan sonra da qətiyyətlə davam etdirəcəklər".

Xəbər lenti