IMG-LOGO

Nəriman Axundzadəni heyətinə qatan ABŞ klubu - "Kolambus Kryu" üç dəfə MLS çempionu olub - TANITMA

11 Feb 2026 11:33 5 baxış
IMG

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadəni heyətinə qatan ABŞ-nin "Kolambus Kryu" klubu 1994-cü il iyunun 15-də yaradılıb.

"Report"un məlumatına görə, Ohayo ştatının Kolambus şəhərinin təmsilçisi 1996-cı ildən MLS çempionatında çıxış edir.

Klub hazırda Haslam ailəsinin və komandanın keçmiş həkimi Pit Edvardsın rəhbərlik etdiyi mülkiyyət qrupu tərəfindən idarə olunur. Haslam/Edvards qrupu ABŞ təmsilçisi tarixində üçüncü mülkiyyət qrupudur.

İsveçdən olan hazırkı baş məşqçi Henrik Raydstrom ötən il dekabrın 31-də bu posta təyinat alıb.

Komanda ev oyunlarını 20 371 azarkeş tutumuna malik "Scotts Miracle-Gro Field" stadionunda keçirir. Klub 1996–1998-ci illərdə isə rəqiblərini Ohayo Ştat Universitetinin ərazisində yerləşən "Ohio Stadium"da qəbul edib. 2023-cü ildə "Kolambus Kryu" həm ümumi mövsümlük tamaşaçı sayı, həm də satılmış bütün biletlərin sayı baxımından klub tarixinin rekordlarını müəyyənləşdirib.

"Kolambus Kryu" tarixində üç dəfə MLS Kubokunun qalibi olub. "Kryu", "qara və qızıl" ləqəbi ilə tanınan komanda 2008, 2020 və 2023-cü ildə titula sahib çıxıb.

MLS-in Şərq Konfransında mübarizə aparan komanda 2004, 2008 və 2009-cu illərdə müntəzəm çempionatı birinci pillədə bitirib. Bundan əlavə, komanda 2002-ci ildə ABŞ Açıq Kubokunun, 2024-cü ildə Liqa Kubokunun (MLS və Meksika liqasının təmsilçiləri iştirak edir) qalib olub.

"Kolambus Kryu" tarixi ərzində 6 dəfə CONCACAF Çempionlar Kubokuna (və ya CONCACAF Çempionlar Liqası) vəsiqə qazanıb, 5 dəfə isə bu turnirdə 1/4 finala yüksəlib.

Klub son olaraq 2021-ci ildə loqosunu dəyişib.

MLS təmsilçisinin hazırkı heyətində Qvatemala, Argentina, Fransa, Macarıstan, Fələstin, Uruqvay, Nigeriya, Danimarka, Ukrayna, Əlcəzair, Kabo-Verde, Belarus, Qvineya və Seneqaldan olan futbolçular da çıxış edir. Bu komandada azərbaycanlı futbol azarkeşləri üçün tanış sima da var. 2020/2021 mövsümündə "Səbail"in formasını geyinən qvatemalalı qapıçı Nikolas Hagen hazırda ABŞ klubunun uğurları üçün çalışır.

Bundan əlavə, daha əvvəl "Fənərbağça"da çıxış etmiş Dieqo Rossi də heyətdə yer alır. "Kolambus Kryu"da Nərimanın rəqabət aparacağı oyunçulardan biri olacaq 27 yaşlı uruqvaylı forvard 2025 mövsümündə MLS-də 16 qol, 5 məhsuldar ötürmə, Liqa Kubokunda 2 qolla yadda qalıb.

"Kolambus Kryu" 2025-ci ildə müntəzəm mövsümü 54 xalla yeddinci pillədə başa vurub. Komanda 1/8 finalda "Sinsinnati" ilə dueldən məğlub ayrılıb.

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Xəbər lenti