IMG-LOGO

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası əməkdaşlığın konkret mexanizmlərini müəyyən edən çərçivə sənədidir - RƏY

11 Feb 2026 10:56 6 baxış
IMG

Bakıda fevralın 10-da imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası əməkdaşlığın konkret mexanizmlərini müəyyən edən çərçivə sənədidir.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, xartiyada ilk növbədə tərəflərin bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət prinsipi yenidən təsdiqlənir və bu bənd Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ABŞ tərəfindən bir daha rəsmən dəstəklənməsi deməkdir:

"Xartiyada təhlükəsizlik və müdafiə əməkdaşlığı xüsusi yer tutur. Burada müdafiə sahəsində dialoqun genişləndirilməsi, hərbi təlimlərin təşkili, müdafiə sənayesi və satışları üzrə əməkdaşlıq imkanlarının araşdırılması kimi müddəalar yer alır. Bu, praktikada Azərbaycanın hərbi-texniki modernləşmə imkanlarının genişlənməsi, Xəzər hövzəsində və ümumilikdə regionda dəniz təhlükəsizliyinin gücləndirilməsi, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması sahəsində birgə layihələrin həyata keçirilməsi deməkdir. ABŞ tərəfindən ərazi sularının mühafizəsi üçün texniki vasitələrin təqdim edilməsi barədə açıqlamalar da bu çərçivənin konkret nəticəsi kimi qiymətləndirilə bilər".

Ü.Zülfiqar Bildirib ki, enerji təhlükəsizliyi və yaşıl enerji istiqaməti xartiyanın əsas sütunlarından biridir:

"Sənəddə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi qeyd olunur və alternativ, o cümlədən bərpa olunan enerji layihələrində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Bu, praktik olaraq həm Cənub Qaz Dəhlizi kimi mövcud layihələrin genişləndirilməsi, həm də Xəzər külək enerjisi və yaşıl hidrogen kimi perspektiv sahələrdə ABŞ investisiyalarının cəlb olunması üçün hüquqi-siyasi zəmin yaradır. Eyni zamanda, mülki nüvə enerjisi sahəsində əməkdaşlıq perspektivlərinin vurğulanması Azərbaycanın enerji balansının şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır".

Siyasi şərhçinin fikrincə, bağlantılar və regional nəqliyyat dəhlizləri ilə bağlı müddəalar xartiyanın geoiqtisadi ölçüsünü göstərir:

"Azərbaycan ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması, Orta Dəhlizin inkişafı və multimodal nəqliyyat infrastrukturunun gücləndirilməsi kimi istiqamətlər ABŞ tərəfindən dəstəklənən regional sabitlik modeli kimi təqdim edilir. Praktikada bu, investisiya layihələrinin sürətlənməsi, tranzit gəlirlərinin artması və Azərbaycanın Avrasiya məkanında əsas logistika qovşaqlarından birinə çevrilməsi prosesini gücləndirə bilər".

O vurğulayıb ki, xartiyada humanitar minatəmizləmə, hüququn aliliyi, iqtisadi islahatlar və özəl sektor əməkdaşlığına dair müddəalar da yer alır.

"Bu bəndlər bir tərəfdən işğaldan azad edilmiş ərazilərin təhlükəsiz və sürətli bərpasına beynəlxalq dəstək mexanizmini genişləndirir, digər tərəfdən isə ABŞ biznes dairələrinin Azərbaycan bazarına çıxışını asanlaşdırır. İnvestisiya mühitinin təkmilləşdirilməsi və texnoloji əməkdaşlıq, xüsusilə rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrində mümkün birgə təşəbbüslər üçün zəmin yaradır".

Siyadi şərhçi, vurğulayıb ki, sənədin institusional mexanizmləri - işçi qruplarının yaradılması, yol xəritələrinin hazırlanması və müntəzəm yüksək səviyyəli dialoq - xartiyanı icra yönümlü platformaya çevirir:

"Bu mexanizmlər vasitəsilə əməkdaşlığın konkret layihələrə çevrilməsi, icranın monitorinqi və nəticələrin qiymətləndirilməsi mümkün olacaq".

Onun fikrincə, Prezident İlham Əliyevin mətbuata bəyanatında münasibətlərin yeni mərhələyə daxil olması barədə vurğuladığı fikirlər və Azərbaycanın enerji, təhlükəsizlik və bağlantılar sahəsində oynadığı rolun qeyd edilməsi xartiyanın məhz qarşılıqlı maraqlar əsasında formalaşdığını göstərir:

"Ümumilikdə, sənəd Azərbaycanın regional aktor kimi mövqeyini möhkəmləndirməklə yanaşı, ABŞ-la əməkdaşlığı daha sistemli və uzunmüddətli strateji çərçivəyə salır. Praktik müstəvidə isə bu xartiya təhlükəsizlik təminatlarının güclənməsi, enerji və nəqliyyat layihələrinin genişlənməsi, investisiya və texnoloji tərəfdaşlığın artması üçün real imkanlar yaradan siyasi-hüquqi platformadır".

Xəbər lenti