Qazaxıstan superprezident idarəetmə forması ilə qəti şəkildə vidalaşır.
"Report"un Qazaxıstan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev hökumətin geniş iclasında bəyan edib.
Onun sözlərinə görə, yeni konstitusiya layihəsində nəzərdə tutulan normalar "Güclü prezident – nüfuzlu parlament – hesabatlı hökumət" konsepsiyası əsasında Qazaxıstanın siyasi sisteminin inkişafının ardıcıllığını və məntiqini təsbit edir.
"Son illərin siyasi islahatlarının geniş təhlili Qazaxıstanın superprezident idarəetmə forması ilə birdəfəlik vidalaşdığına və nüfuzlu parlamentə malik prezidentli respublika idarəetmə formasına keçdiyinə əmin olmağa imkan verir", - prezident deyib.
Tokayev qeyd edib ki, təklif olunan dəyişikliklər bu prosesi təbii şəkildə davam etdirir və 2022-ci il konstitusiya islahatı ilə birlikdə dövlətin konstitusiya təməllərinin tamamilə yenidən qurulması zərurətini gündəmə gətirir.