IMG-LOGO

Robert Levandovski ABŞ təmsilçisindən rəsmi təklif alıb

10 Feb 2026 09:36 4 baxış
IMG

Polşa millisinin futbolçusu Robert Levandovski ABŞ-nin "Çikaqo Fayr" klubundan rəsmi təklif alıb.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu cari mövsümün sonunda İspaniya təmsilçisi "Barselona"dan ayrıla bilər.

MLS komandasının təcrübəli oyunçu ilə ilk əlaqəsi ötən ilin sonlarında baş tutub. Levandovski noyabrda həyat yoldaşı ilə birlikdə Çikaqoya səfər edib. Dekabrın əvvəlində isə ABŞ klubunun nümayəndə heyəti forvard üçün Barselonaya gedib. Hücumçunun agenti Co Mansueto ilə görüş də gerçəkləşib.

"Çikaqo Fayr" Levandovskiyə yüksək maaşla 2 illik müqavilə təklif edib. Futbolçu isə hələlik cavab verməyib. Çünki onunla Avropa və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Qeyd edək ki, 2022-ci ildən "Barselona"da çıxış edən Robert Levandovki cari mövsüm 28 matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatır.

Xəbər lenti