"Qazaxıstan Dəmir Yolları" SC-nin rəhbəri Talqat Aldıbergenov və "Eesti Raudtee" SC-nin (Estoniya Dəmir Yolu) baş direktoru Kaydo Zimmermann əməkdaşlıq perspektivlərini və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində daşımaların potensialından istifadəni müzakirə ediblər.
"Report" "Qazaxıstan Dəmir Yolları" SC-yə istinadən xəbər verir ki, tərəflər nəqliyyat-logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyətini və strateji perspektivlərini, həmçinin Qazaxıstan və Estoniya arasında dəmir yolu daşımalarının həcminin müsbət dinamikasını nəzərdən keçiriblər. Əsas diqqət Mərkəzi Asiya və Avropa arasında yük axınlarının optimallaşdırılması üçün nəqliyyat şəbəkələrinin inteqrasiyasına yönəldilib.
Qeyd edilib ki, 2025-ci ildə yükdaşımaların həcmi 2,1 dəfə artaraq 382,4 min ton təşkil edib, bunun 313,7 min tonu (+2,6 dəfə) ixracın, 29,7 min tonu (+30,2 %) idxalın payına düşüb.
"Tərəflər TBNM çərçivəsində Estoniya ərazisindən daşımaların potensialından istifadənin əhəmiyyətini qeyd ediblər. Bu istiqamət Avropa bazarlarına ixrac yollarının şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir", - məlumatda deyilir.
Görüş zamanı liman infrastrukturunun rolu qeyd edilib: Estoniya limanlarının logistik zəncirlərə fəal şəkildə cəlb edilməsi yükdaşıma həcmlərini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Tərəflər vurğulayıblar ki, səmərəli tranzit sxemlərinin yaradılması üzrə birgə iş Qazaxıstan ixracatçıları və beynəlxalq tranzit şirkətləri üçün əlverişli şəraiti təmin edəcək.
Danışıqların yekunu üzrə hər iki ölkənin nümayəndələri tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və yüklərin çatdırılmasının sürətləndirilməsi üçün yeni texnoloji həllərin hərtərəfli işlənib hazırlanmasına hazır olduqlarını təsdiqləyiblər.