ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri sıradan diplomatik təmas kimi deyil, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyəti və dəyəri göstərən hadisə kimi qiymətləndirilməlidir.
Bunu "Report"a deputat Azər Kərimli deyib.
O qeyd edib ki, Donald Tramp administrasiyasının siyasi üslubunda vitse-prezidentlik institutu prezidentin strateji xəttinin, prioritetlərinin və mesajlarının əsas daşıyıcısıdır:
"Bu baxımdan, vitse-prezident səviyyəsində həyata keçirilən səfər ABŞ-nin Azərbaycanla münasibətləri yeni mərhələyə keçirmək niyyətinin açıq ifadəsi kimi qəbul oluna bilər".
Deputat vurğulayıb ki, uzun müddət Azərbaycan ABŞ üçün əsasən enerji təhlükəsizliyi və regional sabitlik prizmasından dəyərləndirilib.
"Lakin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra yaranmış yeni geosiyasi reallıq Vaşinqtonun yanaşmasına da təsirsiz qalmayıb. Azərbaycan artıq təkcə Cənubi Qafqaz ölkəsi kimi deyil, Avrasiya məkanında geosiyasi proseslərin kəsişdiyi mühüm düyün nöqtəsi kimi qəbul edilir. Bu dəyişiklik ABŞ-nin region siyasətində Azərbaycanın roluna münasibətdə ciddi çox ciddi dəyişikliklərin baş verdiyini göstərir", - o deyib.
A.Kərimli xatırladıb ki, Azərbaycan–ABŞ münasibətləri keçmişdə müəyyən ziddiyyətli mərhələlərdən keçsə də, xüsusilə post-2020 reallığı bir sıra köhnə stereotipləri aradan qaldırıb. Onun fikrincə, Tramp administrasiyası isə məhz bu yeni reallığı nəzərə alan siyasi xətt nümayiş etdirir:
"Bu mənada, vitse-prezidentin Azərbaycana səfəri Vaşinqtonun regiona baxışında baş verən dəyişikliklərin rəsmi təzahürü kimi qiymətləndirilə bilər. Beləliklə, bu səfər diplomatik protokol çərçivəsindən çıxaraq, Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq və liderlərarası siyasi etimad müstəvisində inkişaf etdiyini göstərən mühüm hadisə kimi dəyərləndirilə bilər".

