Gürcüstan yaxın gələcəkdə ABŞ tərəfindən konkret addımların atılacağına ümid edir və iki ölkə arasında məzmunla dolu, qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlığın formalaşdırılmasını istəyir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, rəsmi Tbilisi ABŞ ilə münasibətləri "təmiz səhifədən" başlamaq niyyətindədir:
"Milan Olimpiya Oyunlarının açılışı çərçivəsində ABŞ-nin dövlət katibi ilə ünsiyyət imkanı əldə olunub və orada mövcud vəziyyət açıq şəkildə müzakirə edilib. Bir məsələ aydındır ki, yeni administrasiya Gürcüstanla bağlı kifayət qədər mənfi bir mirasla üzləşib. Dövlət katibi birmənalı şəkildə vurğuladı ki, bu məsələlər yenidən nəzərdən keçirilməlidir və Gürcüstanla münasibətlər ABŞ-ın gündəliyində daha aktiv yer almalıdır. Ümid edirik ki, yaxın gələcəkdə ABŞ tərəfindən ilk növbədə münasibətlərin normallaşdırılması, daha sonra isə dəfələrlə müzakirə etdiyimiz məsələlər üzrə konkret addımlar atılacaq".
Maka Boçorişvili əlavə edib ki, Gürcüstan formal yox, real məzmun daşıyan, hər iki ölkənin maraq və prinsiplərini nəzərə alan strateji tərəfdaşlıq modelində maraqlıdır.
Müxalifət nümayəndələrinin rəsmi görüşlərin "dəhlizlərdə keçirilməsi" ilə bağlı tənqidlərinə münasibət bildirən XİN başçısı qeyd edib ki, qısa zaman çərçivəsində Gürcüstan-ABŞ gündəliyindəki əsas məsələləri diqqət mərkəzinə gətirmək mümkün olub:
"Birinci gün ABŞ-nin vitse-prezidenti Cey Di Venslə, ikinci gün isə dövlət katibi Marko Rubio ilə daha intensiv ünsiyyət qurduq. Bu görüşlər kifayət qədər mənalı idi və Gürcüstan-ABŞ münasibətlərinin əsas mövzularını qaldırmaq imkanı verdi".