ABŞ Mərkəzi Komandanlığının rəhbərinin danışıqlarda iştirakı, eləcə də raket silahları və regional problemlərə aid məsələləri şərh edən İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, raket imkanları və regional məsələlər danışıqların gündəliyinə daxil deyil.
"Report" xəbər verir ki, A.Əraqçi bunu ABŞ ilə Omanda baş tutan danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Danışıqlar yalnız nüvə probleminə aiddir və eyni çərçivədə davam edəcək", - o vurğulayıb.
ABŞ-nin əvvəlki raundlarda irəli sürdüyü şərtlər barədə suala cavab olaraq xarici işlər naziri bildirib ki, əsas tələb uranın "sıfır zənginləşdirilməsi"dir və İran bunu qəbuledilməz hesab edir:
"Zənginləşdirmə alimlərimizin elmi nailiyyətidir. Bunun üçün alimlərimizin qanı tökülüb və biz 12 günlük müharibə aparmışıq. Bu, müzakirə predmeti deyil. Biz İran xalqının zənginləşdirmə hüququndan imtina etməyəcəyik".