Rusiyanın Altay diyarında 37 yaşlı kişi anasını qətlə yetirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqa məlum olduğu kimi, saxlanılan şəxs Kamen-on-Obi şəhərində təqaüdçü anası ilə birlikdə yaşayıb. Qadın xəstəlik səbəbindən sərbəst hərəkət edə bilmədiyindən oğlu ona baxıb. Yanvarın 24-dən 25-nə keçən gecə kişi yorğan örtüyü ilə anasını boğub.
Həbs edilən şəxs cinayətin izini ört-basdır etmək istəsə də, ekspertiza onun günahını sübut edib. Dindirilmə zamanı həmin şəxs deyib ki, guya anasını gündəlik iztirablardan xilas etmək istəyir.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci “Qətl” maddəsi ilə cinayət işi başlanıb.