“Qəbələ”nin yeni məşqçisi Rakif Əliyev komandanın Premyer Liqada qalacağına əmindir.
Bunu “Report”a açıqlamasında “qırmızı-qaralar”ın əsas komandasının yeni analitik məşqçisi Rakif Əliyev deyib.
Mütəxəssis bölgə təmsilçisində əsas problemin psixoloji amildən qaynaqlandığını bildirib: “Qəbələ” mövsümün əvvəlində UEFA Konfrans Liqasında çıxış etdi və yaxşı oyunlar keçirdi. Sadəcə, indi “qara zolağ”a düşüb. Heyətdə çox sayda keyfiyyətli futbolçu var. “Qəbələ” layiq olduğu yerdə deyil. Əsas problem kimi ruh düşkünlüyünü görürəm. Komanda gah adi epizoddan qol buraxır, gah da meydanda azlıqda qalır. Bütün bunlar motivasiyaya mənfi təsir göstərir. Çatışmazlıqlar üzərində baş məşqçimiz çalışır. Daha yaxşı nəticələr üçün əlimizdən gələni edəcəyik. Komandanın Premyer Liqada qalacağına əminəm, buna şübhəm yoxdur”.
“Qarabağ”ın U-15 komandasından ayrılaraq “Qəbələ”yə qayıdan Rakif Əliyev başqa təkliflərinin olduğunu da vurğulayıb: “Qarabağ”dan öz istəyimlə ayrıldım və 5-6 komandadan təklif aldım. Həm baş məşqçi, həm köməkçi məşqçi, həm də akademiyada çalışmaq təklifi var idi. I və II Liqa komandaları maraqlanırdılar. Ancaq məşqçi kimi yetişməyimdə “Qəbələ”nin böyük dəstəyi olub. Səbuhi Səfiyarlı idman direktoru vəzifəsinə təyin olunduğu gün mənə zəng vurdu. Bildirdi ki, baş məşqçi Elmar Baxşıyevin də istəyi ilə məşqçilər korpusuna qoşulmağını istəyirlər. “Qəbələ”yə “yox” deyə bilməzdim”.
Qeyd edək ki, “Qəbələ” Premyer Liqada 20 turdan sonra 14 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Bizim Telegram kanalımıza abunə olun