Qubada evdə baş verən partlayışa görə “Azəriqaz” əməkdaşına cinayət işi açılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.
İttiham aktına görə, “Azəriqaz”ın Quba xidmət sahəsinin qəza dispetçer xidmətinin rəisi olan 60 yaşlı Qəzənfər Kərimli (ad və soyad şərtidir) üzərinə düşən vəzifə borcunu yerinə yetirməyib. Belə ki, o, Alekseyevka kəndində yaşayış evindən 3.3 metr aralıdan keçən qaz kəmərinin üzərindəki dəliklərin vaxtında təmir olunmasını təmin etməyib. Kəmərdəki həmin dəliklərdən sızan qaz 3.3 metr aralıdakı evin zirzəmisindən yaşayış sahəsinə dolub. Burada sızan qaz hava ilə xeyli qarışdığı üçün partlayış ehtimalı yüksək olub. Ev sahibi qapını açıb işığı yandıranda isə gözlənilən təhlükəli partlayış qeydə alınıb. Nəticədə ev sahibinin xanımı yanıq xəsarətləri alıb və mənzildə dağıntılar olub. Ümumilikdə evin sakinlərinə təxminən 33 min manat ziyan dəyib.
Faktla bağlı Qəzənfər Kərimli saxlanılıb və barəsində cinayət işi açılıb.
Məhkəmədə o, əməlindən peşman olduğunu və vurduğu ziyanı ödədiyi üçün barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.
Quba rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib və Q. Kərimli məsuliyyətdən azad olunub.
Hadisələr partlayış qaz sızması Quba rayonu Azəriqaz qaz kəmərləri