Azərbaycanın "Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsində təmsil olunması üçün namizəd seçimi prosesi plan üzrə davam edir.
"Report" xəbər verir ki, bu müddət ərzində ifaçılar və müəlliflər müsabiqədə iştirak üçün yüksək maraq nümayiş etdirib.
Belə ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub. Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar tərəfindən, 79-u isə xarici müəlliflər tərəfindən təqdim edilib ki, bu da mahnıların təxminən 57,5 faizinin yerli, 42,5 faizinin isə beynəlxalq iştirakçılar tərəfindən göndərildiyini göstərir.
İlkin qiymətləndirmə mərhələsində təqdim olunmuş müraciətlər peşəkar heyət tərəfindən ətraflı şəkildə təhlil olunub və növbəti mərhələyə 18 namizəd dəvət edilib.
Dəvət olunmuş iştirakçılar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil olunub. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı, beynəlxalq auditoriya üçün potensialı və Avroviziya formatına uyğunluğu həm peşəkar seçim komissiyası, həm də xüsusi formalaşdırılmış fokus qrupu tərəfindən qiymətləndirilib.
Aparılan qiymətləndirmələrin nəticəsi olaraq, hazırda müsabiqənin növbəti mərhələsi üçün üç namizəddən ibarət qısa siyahı (short list) formalaşdırılıb. Seçim prosesi davam edir və yekun qərar əlavə yaradıcı və strateji müzakirələrdən sonra elan olunacaq.
Azərbaycan nümayəndə heyəti müsabiqədə ölkəni ən yüksək səviyyədə təmsil edəcək ifaçının və kompozisiyanın müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
Qeyd edək ki, "Avroviziya 2026" Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Müsabiqənin birinci yarımfinalı mayın 12-də, ikinci yarımfinalı mayın 14-də, böyük final isə mayın 16-da baş tutacaq.