ABŞ Prezidenti Donald Tramp potensial milli təhlükəsizlik risklərini əsas gətirərək, "Emcore" və "HieFo" şirkətləri arasında yarımkeçiricilərlə bağlı müqavilənin ləğv olunmasına fərman verib.
"Report"un məlumatına görə, fərmanı Ağ Ev yayıb.
2024-cü ildə şirkətlər "HieFo"nun "Emcore"un yarımkeçirici biznesini, eləcə də indium fosfid plastin istehsalı müəssisələrini satın aldığını elan ediblər. Müqavilənin dəyəri 2,9 milyon dollar idi.
"Bu sazişlər qadağandır və "HieFo" şirkətinin "Emcore"un aktivlərində, istər birbaşa, istərsə də dolayı yolla, hər hansı paya və ya hüquqa sahib olması da qadağandır", - fərmanda bidirilir.
Tramp bildirib ki, "Emcore"un aktivlərinin əldə edilməsi ABŞ-nin milli təhlükəsizliyinə təhdid yarada bilər. Fərmanda qeyd olunur ki, "HieFo"nun Çin Xalq Respublikasının vətəndaşı tərəfindən idarə olunduğu güman edilir.
Fərmana əsasən, "HieFo" ABŞ-dəkı Xarici İnvestisiyalar Komitəsi tərəfindən müddət uzadılmazsa, 180 gün ərzində "Emcore"un bütün səhmlərinin, maraqlarının və aktivlərindəki hüquqların özgəninkiləşdirilməsini təmin etməlidir.