Fransa Silahlı Qüvvələri bu il ümumi dəyəri 42 milyard avro olan silah sifariş etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı Silahlanma üzrə Baş Direktorluğa istinadən məlumat yayıb.
"Biz heç vaxt bu qədər çox sifariş verməmişdik", - qurumun rəhbəri Patrik Pey bildirib.
BFMTV-nin məlumatına görə, ilk növbədə, "Meteor" və "AASM" raketləri də daxil olmaqla, döyüş sursatlarının, həmçinin "Griffon", "Serval" və "Jaguar" zirehli maşınlarının alınması planlaşdırılır. Bundan əlavə, yeni freqat üçün sifarişin yerləşdirilməsi və "Rafale" qırıcılarının orta müddətli modernləşdirilməsi üzrə müqavilələrin imzalanması gözlənilir.
Telekanal 2025-ci ilin ən böyük layihələri kimi yeni nəsil təyyarədaşıyan gəmi ("PANG") üzrə işlərin başlanmasını və sualtı qayıqlarda yerləşdirilən "M51" ballistik raketlərinin modernləşdirilməsi proqramını qeyd edir.