Dubayda keçirilən Hökumətlərarası Zirvə Görüşü çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə işgüzar görüş keçirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə iki ölkə arasında təhsil sahəsində həyata keçirilən mövcud layihələrin nəticələri və bu əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Givi Mikanadze bildirib ki, Azərbaycan Gürcüstan üçün mühüm və etibarlı tərəfdaşdır. Onun sözlərinə görə, iki ölkə arasında uzunmüddətli və uğurlu əməkdaşlıq birgə baxışların formalaşmasına və konkret nəticələrin əldə olunmasına imkan yaradır.
Görüş zamanı Azərbaycan və Gürcüstan müəllimlərinin yenidən hazırlanması, həmçinin bu istiqamətdə həyata keçirilən birgə fəaliyyətlərə xüsusi diqqət yetirilib.
Öz növbəsində, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ölkələr arasında təhsil sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb, nazirliklərin işçi qruplarının fəaliyyətini müsbət qiymətləndirib, eləcə də birgə təhsil və elmi layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildirib.
Tərəflər təhsilin bütün səviyyələrində tərəfdaşlığın dərinləşdirilməsi və gələcək əməkdaşlıq planları ilə bağlı fikir mübadiləsi aparıblar.