Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçiriləcək turnirin çətin olacağını düşünür.
25 yaşlı idmançı bu barədə "Report"a açıqlamasında bildirib.
Dviçayo yarışda iştirak edəcək badmintonçuların adları ilə tanış olduğunu söyləyib: "Düşünürəm ki, yaxşı turnir olacaq. Çünki burada həm də olimpiadaya lisenziya xalları veriləcək. Avropadan çoxlu idmançı gələcək. Bu səbəbdən bizi çətin matçlar gözləyir. İnanıram ki, mənim üçün hər şey yaxşı alınacaq. Demək olar ki, 80 faiz hazıram. Hələ bir az vaxtımız var".
Yığma üzvü yarışda əllərindən gələni edəcəklərini vurğulayıb: "Ümid edirəm ki, olimpiadaya xal qazanmaq üçün yaxşı nəticə əldə edəcəyik. Yüksək xal toplamaq mənim üçün çox vacibdir".
Azərbaycan millisinin digər üzvü Keişa Fatimə Zəhra olimpiadaya vəsiqə qazanmaq istədiyini deyib: "Bakıdakı turnirdə əlimizdən gələni edəcəyik. Hazırlığımız davam edir. Ümid edirəm ki, istədiyim nəticəni göstərə biləcəyəm. Burada olimpiada üçün çoxlu xallar toplaya bilərəm. İnanıram ki, ən yaxşısını edəcəyik".
Qeyd edək ki, “Azerbaijan International 2024” fevralın 8-11-i aralığında Bakı İdman Sarayında keçiriləcək.
Bizim WhatsApp kanalımıza abunə olun