Yanvarın 30-da Gənclər Fondunun dəstəyi və Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə "Tələbə Gənclər Təşkilatlarının Mükafatlandırma Mərasimi 2026" keçirilib.
Tədbirdə ölkənin ali təhsil müəssisələrini təmsil edən Tələbə Gənclər Təşkilatlarının il ərzində həyata keçirdikləri fəaliyyətlər qiymətləndirilib və fərqlənən qurumlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatı (MDU TGT) mərasimdə üç nominasiya üzrə yüksək nəticə əldə edərək təltif olunub. MDU TGT 2025-ci ildə həyata keçirdiyi fəal, innovativ və tələbəyönümlü fəaliyyətinə görə "İlin Tələbə Gənclər Təşkilatı" adına layiq görülüb.
Eyni zamanda, MDU TGT-nin nəzdində fəaliyyət göstərən "CreArt" klubu yaradıcılıq və sosial layihələr sahəsindəki uğurlarına görə "İlin Tələbə Klubu" seçilib.
Daha bir əlamətdar uğur isə təşkilatın sədrinin tələbələrlə iş üzrə müavini Sübhanə Abuşovanın fəal təşkilati fəaliyyəti və tələbə gənclərlə effektiv işinə görə "İlin TGT nümayəndəsi" fəxri adına layiq görülməsi olub.
Əldə olunan bu nailiyyətlər MDU-da tələbə gənclərin ictimai fəallığının artırılması, liderlik bacarıqlarının inkişafı və gənclərin sosial-mədəni həyata aktiv inteqrasiyası istiqamətində görülən sistemli işlərin nəticəsidir.




