Misir diplomatik həll variantına ehtiyac olduğuna əmin olaraq İran və ABŞ-ni danışıqlar masasına qaytarmaq üçün səylər göstərir.
"Report"un məlumatına görə, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi iranlı həmkarı Məsud Pezeşkianla söhbətində bildirib.
"Misir regionda gərginliyin yeni mərhələsindən dərin narahatlıq keçirir və hər hansı mübahisənin diplomatik həllinin yeganə və ən yaxşı yol olduğuna inanır. Qahirə İran və ABŞ-ni danışıqlar masasına qaytarmaq üçün yorulmadan çalışır", - onun nümayəndəsi Məhəmməd əş-Şinavi əs-Sisinin sözlərini feysbukda sitat gətirib.
Misir lideri Pezeşkianla söhbətində həmçinin İranın nüvə məsələsinin sülh yolu ilə həllinin regional və beynəlxalq arenalarda sabitliyi gücləndirəcəyinə inandığını vurğulayıb.
Xatırladaq ki, yanvarın 26-da ABŞ Prezidenti Donald Tramp İrana doğru böyük ordunun getdiyini bildirib. O, rəsmi Tehranın danışıqlar masasına oturub, nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan ədalətli və bərabər razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. Amerika lideri 2025-ci ilin iyununda ABŞ-nin İslam Respublikasındakı nüvə obyektlərinə hücumlara başladığını və bu əməliyyatın "Gecəyarı çəkic" adlandırıldığını xatırladıb. O, növbəti hücumun daha pis olacağı barədə xəbərdarlıq edib və bunun baş verməsinin qarşısını almağa çağırıb.
Tehran Trampın sözlərinə İrana qarşı hər hansı təcavüz halında ABŞ-nin və onun Yaxın Şərqdəki müttəfiqlərinin bütün hərbi infrastrukturunu təhdid etməklə cavab verib. Yanvarın 28-də İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın danışıqlara hazır olduğunu, lakin danışıqların ABŞ-dan "təhdid və qorxutma olmadan" keçirilməli olduğunu vurğulayıb.