ABŞ Prezidenti Donald Tramp federal hüquq-mühafizə orqanlarının Birləşmiş Ştatların əsas müxalifəti olan Demokratlar Partiyasının nəzarətindəki şəhərlərdə hakimiyyət orqanlarına kütləvi etirazlar və iğtişaşlarla mübarizədə kömək etməyi dayandıracağını açıqlayıb.
"Report"un məlumatına görə, Amerika lideri müvafiq açıqlamanı "Truth Social" sosial media hesabında paylaşıb.
"Mən daxili təhlükəsizlik naziri Kristi Noemə göstəriş verdim ki, heç bir halda, onlar bizdən kömək istəməyənə qədər, onların etirazları və ya iğtişaşları ilə bağlı müxtəlif şəkildə pis idarə olunan demokratların nəzarəti altındakı şəhərlərdə (hüquq-mühafizə əməliyyatları – red) aparmayaq", - o yazıb.
O, yerli hakimiyyət orqanlarının federal əmlakın təhlükəsizliyini təmin etməli olduğunu vurğulayıb, çünki bu, onların birbaşa məsuliyyətidir. "Biz (federal qüvvələr - red.) federal əmlakının yalnız qorunmasının gücləndirilməsi üçün oradayıq, çünki bu, yerli hakimiyyət orqanlarının və dövlətin məsuliyyətidir", - Amerika lideri vurğulayıb.
"Əgər yerli hakimiyyət orqanları iğtişaşçılar, təşviqatçılar və anarxistlərlə mübarizə apara bilmirsə, biz dərhal bu cür yardıma ehtiyac duyulan yerə gedəcək və bir il əvvəl Los-Ancelesdəki iğtişaşlar zamanı etdiyimiz kimi, vəziyyəti çox asanlıqla və metodik şəkildə həll edəcəyik. Beləliklə, şikayət edən bütün yerli hakimiyyət orqanları, qubernatorlar və merlər: hazır olduğunuz zaman bizə bildirin və biz orada olacağıq. Amma biz bunu etməzdən əvvəl "xahiş edirəm" sözünü işlətməlisiniz", - ABŞ Prezidenti yazıb.
O, həmçinin vurğulayıb ki, zəruri hallarda silahlı qüvvələr bu məqsədlər üçün yerləşdirilə bilər.
"Heç kim zabitlərimizin üzünə tüpürməyəcək, avtomobillərimizin işıqlarını yumruqlamayacaq və ya təpikləməyəcək, avtomaşınlarımıza və ya vətənpərvər döyüşçülərimizə daş və ya kərpic atmayacaq. Əgər bu baş verərsə, həmin insanlar eyni dərəcədə və ya daha ağır şəkildə cavab verəcəklər", - Ağ Ev rəhbəri fikirlərini yekunlaşdırıb.