Azərbaycanda açıq məlumatların daha geniş istifadəsi üçün qanunvericiliyə dəyişiklik edilməlidir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.
Sənəddə bildirilib ki, mövcud qanunvericilik ("İnformasiya əldə etmək haqqında" Qanun, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun) informasiyaya sərbəst çıxışı təmin etsə də, məlumat dəstlərinin maşın tərəfindən oxunabilən, təkrar istifadə oluna bilən formatlarda dərc edilməsini və ya açıq məlumat lisenziyalarının tətbiqini açıq şəkildə tələb etmir: "Belə müddəaların əlavə edilməsi açıq məlumatların daha geniş istifadəsini təşviq edər, innovasiyaları stimullaşdırar və məlumat əsaslı xidmətlərin inkişafını dəstəkləyər".
"AmCham"ın ekspertləri "İnformasiya əldə etmək haqqında" Qanunun 2-ci və 6-cı maddələrinə dəyişiklik edilərək "ictimai informasiya" (maddə 3.0.3) kateqoriyasına daxil olan və ictimai maraq və ya kommersiya dəyəri daşıyan bütün məlumatların bir sıra tələblərə uyğun olmasının məcburiləşdirilməsin tövsiyə edirlər: "Bu tələblərə açıq hesab edilən ("open by default"), xüsusi mülkiyyətdə olmayan və maşın tərəfindən oxunabilən formatlarda (CSV, JSON, XML) dərc edilməsi, standartlaşdırılmış açıq məlumat lisenziyası ilə müşayiət olunması, ödənişsiz və təkrar istifadəyə məhdudiyyət qoyulmadan təqdim edilməsi daxildir".
Hesabatda vurğulanıb ki, hazırda açıq məlumatların dərc edilməsi situativ ("ad-hoc") şəkildə həyata keçirilir: "Prioritetləşdirmə və planlaşdırma üçün sistemli mexanizmin yaradılması daha proqnozlaşdırıla bilən mühit formalaşdırar, şəffaflığı artırar və dərc edilən məlumatların müxtəlif maraqlı tərəflər üçün faydalılığını yüksəldər".
Palata hər bir dövlət qurumunun mövcud opendata.az portalında Açıq Məlumatların Məcburi İllik Dərcetmə Planını yerləşdirməsini məqsədəuyğun sayır: "Bu plan prioritetləşdirilmiş məlumat dəstlərinin kataloqunu, dərcetmə qrafiki və məsul struktur bölmələri, seçilmiş formatlar və çıxış metodlarını (API və ya kütləvi yükləmə), gözlənilən yeniləmə tezliyini (real vaxt rejimində, günlük, aylıq) əhatə etməlidir".
Sənəddə Azərbaycanın metaməlumat standartı kimi DCAT-AP ("Data Catalogue Vocabulary Application Profile") qəbul edilməsi və bununla da sahələrin (başlıq, təsvir, açar sözlər, format, yenilənmə tezliyi) vahid şəkildə formalaşdırılmasının təmin olunması məqsədəuyğun hesab edilir: "Həmçinin vahid milli Açıq Məlumat Lisenziyası (məsələn, "Azərbaycan Açıq Hökumət Məlumatları Lisenziyası") təsis olunmalı və hər məlumat dəstinin metaməlumat bölməsində məcburi şəkildə göstərilməlidir. Açıq məlumatlardan istifadənin genişlənməsi üçün istifadəçi hüquq və öhdəliklərini sadə dildə izah edilən qısa məlumat mətnləri də təqdim edilməlidir".
Hesabatda hazırda opendata.az portalında yerləşdirilən məlumat dəstlərinin metaməlumat strukturunun vahid olmadığı və təkrar istifadə şərtlərinin aydın şəkildə göstərilmədiyi bildirilir. Bunun son istifadəçilər üçün çaşqınlıq yaratdığı vurğulanır.