İran və ABŞ nüvə razılaşması əldə edildikdə və Tehrandan sanksiyalar götürüldükdə enerji sahəsində əməkdaşlıq qura bilərlər.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "CNN Turk" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, bu, sazişin nəticələrindən biri ola bilər. Əgər biz nüvə problemini həll edə, İranın dinc nüvə proqramına əsaslanan yeni razılaşma əldə edə bilsək və sanksiyalar götürülsə, o zaman enerji sektorunda əməkdaşlıq və ümumi maraqlara əsaslanan layihələrin həyata keçirilməsi üçün şərait yarana bilər", - A.Əraqçi deyib.
XİN rəhbəri İrana hücum ediləcəyi təqdirdə müdafiə üçün "Hizbullah" və Yəmən husilərinin daxil olduğu "Müqavimət oxu"nun köməyindən istifadə edib-etməyəcəyi sualına cavabında qeyd edib ki, ölkə öz müdafiəsini müstəqil şəkildə təmin etmək iqtidarındadır.
"Biz özümüzü müdafiə etmək qabiliyyətindəyik və bizə heç kim lazım deyil", - o əlavə edib.