IMG-LOGO

"Qurtuluş"un rəhbəri və daha iki əməkdaşı həbs olundu - YENİLƏNİB

30 Jan 2026 19:44 4 baxış
IMG
32 1

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanından məhkəməyə daxil olan təqdimata baxılıb.

Lent.az-ın xəbərinə görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

18:35

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılır.

Lent.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Elşad Məhərrəmov və Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

saat 17:24

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Lent.az xəbər verir ki, təqdimatda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilir.

Təqdimata bu gün Sumqayıt şəhər Məhkəməsində baxılacaq.

***

saat 12:21

Barəsində cinayət işi başlanılan "Qurtuluş" Reabilitasiya Mərkəzində müalicə alan pasiyentlər istintaqa çağırılıblar.

Lent.az oxu.az-a istinadən xəbər verir ki, mərkəzdə müalicə adı ilə saxlanılan 11 nəfər istintaqa şikayət edərək, azadlıqlarının qanunsuz məhdudlaşdırıldığını deyib. Prokurorluğun araşdırmaları zamanı həmin şəxslər evlərinə qayıtmaq istədiklərini bildiriblər.

Həmin şəxslərin ailələrinə qaytarılması təmin edilib.

Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, mərkəzin rəhbəri Ceyhun Salmanov və digər iki nəfər saxlanılıb.

***

saat 09:50

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı saxlanılıb.

Lent.az APA-ya istinadla bildirir ki, Salmanov Ceyhun Məzahir oğlu, Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu tutulub.

Qeyd edək ki, Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb.

Məlumatda bildirilirdi ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.

Hadisələr Qurtuluş Ceyhun Salmanov

Xəbər lenti