Rusiyanın paytaxtı Moskvanın Zamoskvoreçye rayon məhkəməsi “Bartolius” bürosunun keçmiş vəkili Dmitri Provodinə qarşı qiyabi həbs qətimkan tədbiri seçib. O, Lermontov şəhərində yerləşən “Gidrometallurgiya Zavodu” ASC-nin aktivlərinin ələ keçirilməsi sxeminin əsas iştirakçılarından biri hesab olunur.
Lent.az yerli mediaya istinadla bildirir ki, Provodin təxminən 700 milyon rubl ( təxminən 15 milyon manat və ya 9 milyon dollar) məbləğində xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur və ölkədən qaçıb. Mənbələrin məlumatına görə, o, BƏƏ-də gizlənir. Eyni qalmaqallı “Bartolius” bürosundan olan digər şərikləri Yuliy Tay və Aleksey Basistov da ölkəni tərk edib: onlardan biri Türkiyədə, digəri isə Azərbaycanda gizlənib. Onlar bürodakı digər əməkdaşlarla birlikdə Lermontov zavodunun aktivlərinin reyd üsulu ilə ələ keçirilməsi planını hazırlayıblar. Planın zavodun keçmiş sahibləri Vladimir Maxov və Aleksandr Çakın maraqları naminə həyata keçirildiyi iddia olunur. Qeyd edilir ki, qalmaqal böyüdükdən sonra “Bartolius” şirkəti əməkdaşlarını rəsmi şəkildə uzaqlaşdırıb.
Məlumata görə, Maxov və Çak əvvəlcə zavodu, həmçinin işçiləri böyük borclarla üz-üzə qoyaraq müəssisəni tərk ediblər. Sonradan yeni investorlar vəziyyəti sabitləşdirib müəssisəni bərpa etdikdən sonra isə onlar geri dönərək əmlakdan yenidən faydalanmağa çalışıblar. Provodin və tərəfdaşlarının yüzlərlə məhkəmə iddiası qaldırıb süni borclar yaratmaq yolu ilə zavodun fəaliyyətini iflic vəziyyətinə saldığı, 700 əməkdaşın işsiz qalması, eləcə də Lermontov şəhərinin zavoddan asılı olan elektrik təchizatının risk altına düşməsi ilə nəticələndiyi bildirilir.
İddialara görə, onlar Maxov və Çakla əlbir olaraq qəsdən onların şəxsi müflisləşmə proseslərini başladıb, kreditor qismində prosesə daxil olaraq əvvəllər ödənilmiş vəsaitləri yenidən əldə etməyə cəhd ediblər. Hadisələrdə Ali Məhkəmənin hakimi İ.A. Bukinanın da rol oynaması ehtimal olunur. Provodinlə bağlı işlərin tez-tez ona düşdüyü və çox vaxt onun xeyrinə qərarların çıxarıldığı iddia edilir. Sxemin üzə çıxması isə zavod kollektivinin səlahiyyətli orqanlara müraciətlərindən sonra mümkün olub. 2025-ci ilin mayında “Bartolius” ofisində axtarışlar aparılıb, sxemdə iştirak etdiyi deyilən Artyom Kulikovski (büronun keçmiş əməkdaşı) və “cib” arbitraj idarəçisi kimi təqdim olunan Yevgeni Pavlenko barəsində istintaq başlayıb.
2025-ci ilin dekabrında Ədliyyə Nazirliyinin tələbi ilə Dmitri Provodin vəkillik statusundan məhrum edilib. Onun ölkəni tərk etməsinə baxmayaraq, bu addımın məsuliyyətdən yayınmasına imkan verməyəcəyi, istintaqın və məhkəmə qərarlarının gedişinə təsir göstərməyəcəyi vurğulanır.
Hadisələr Rusiyada vəkillər zavodda mənimsəmə Azərbaycana qaçanlar ölkədən qaçmaq ölkədən getmək istintaqdan gizlənmək