IMG-LOGO

Elmar Baxşıyev: "Liverpul" kimi güclü rəqiblərlə oyunda hesabın böyük olması gözləniləndir"

29 Jan 2026 17:01 3 baxış
IMG

"Liverpul" kimi güclü rəqiblərlə oyunda hesabın böyük olması gözləniləndir.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev bildirib.

O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda "Qarabağ"ın İngiltərə təmsilçisi ilə səfər oyunundakı səviyyə fərqinə, həmçinin tarixi uğuruna diqqət çəkib:

"Nə qədər acı olsa da, "Liverpul"un "Qarabağ"dan həm oyun planında, həm də keyfiyyət baxımından üstün olduğunu görməmək mümkün deyil. Əlbəttə, belə hesabı heç kim gözləmirdi, amma qarşında böyük təcrübəyə malik rəqiblər olduqda hesabın böyük olması gözləniləndir. Onlar oyun ərzində yüksək pressinq tətbiq etməklə böyük üstünlüyə nail oldular. Lakin sevindirici məqam odur ki, "Qarabağ" klub tarixində ilkə imza atdı. Belə rəqiblərlə oyunlar bizə necə inkişaf etməli və hansı istiqamətə getməli olduğumuzu göstərir".

E.Baxşıyev pley-off mərhələsindəki potensial rəqiblər barədə də fikirlərini bölüşüb:

"Həm PSJ, həm də "Nyukasl" öz liqalarının böyük komandalarıdır. Amma düşünürəm ki, pley-offda "Qarabağ" daha fərqli oyunu ilə hamını sevindirə bilər. Əvvəlcə püşkü gözləmək, sonra rəqibə uyğun dəyərləndirmə aparmaq lazımdır. Hər iki komanda özünəməxsus oyun üslubuna sahibdir və bizim üçün ağır rəqib sayıla bilərlər. Azarkeşlər üçün isə PSJ ilə oyun daha maraqlı görünür. "Nyukasl" müqayisədə nisbətən zəif görünə bilər. Ona görə də əksəriyyət İngiltərə klubu ilə rəqib olmağı arzulayır".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Xəbər lenti