Minifutbol üzrə Azərbaycan çempionatında geridə qalan 11 turun hamısını qələbə ilə başa vuran "Zirə" çempionluğa köklənib.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Seymur Məmmədov deyib.
O, çempionatın gedişatı və hədəflər barədə sualları cavablandırıb:
"Hər bir oyuna, rəqibdən asılı olmayaraq, yalnız qələbə qazanmaq üçün çıxırıq. Əvvəllər də belə nəticəmiz olmuşdu. 15 oyunda 15 qələbə qazanmış, lakin 1/8 finalda uduzmuşduq. Bu nəticələr hələ başlanğıcdır, arxayınlaşmaq olmaz. Çünki yenə eyni aqibəti yaşaya bilərik. Hazırda çempionluq şanslarımızı 50-nin 50-yə qiymətləndirirəm".
S.Məmmədov heyət və digər rəqiblərin çıxışı barədə bunları deyib:
"Digər komandaların oyunları ilə xüsusi maraqlanmıram, amma bizim üçün hər bir rəqib ciddidir. Məsələn, "Atəşgah Suraxanı" ilə oyunumuz kifayət qədər gərgin keçmişdi. Hər kəs bizə "diş göstərməyə" çalışır. Heyətdə dəyişiklik etməmişik. Yeni oyunçunun gəlib komandaya uyğunlaşması vaxt aparır, bizim isə buna zamanımız yoxdur. Ona görə də hazırkı heyətlə davam etməyi üstün tuturuq".
Qeyd edək ki, "Zirə" hazırda 33 xalla turnir cədvəlinə başçılıq edir. "Birbaşa Bakı" 27 xalla ikincidir. İlk "3-lüy"ü 24 xalla "Aznur" komandası qapayır.