Vəkillər Kollegiyasının bir qrup üzvünə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.
Kollegiyadan “Report”a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Rəyasət Heyətinin sədri Anar Bağırov Prezident İlham Əliyevin sərəncamı ilə vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət təltiflərinə layiq görülən bir qrup vəkili təbrik edib.
Sədr Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mütərəqqi məhkəmə-hüquq islahatlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu islahatlar çərçivəsində ölkəmizdə vəkilliyin inkişafına da xüsusi dəstək verildiyini deyib.
Diqqətə çatdırılıb ki, müstəqil dövlətimizin 28 dekabr 1999-cu il tarixində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” ilk Qanunun qəbul edildiyi tarix əsas götürülərək ölkə başçısının 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Vəkil Günü” peşə bayramı təsis olunaraq qeyd olunmağa başlanılıb.
Vurğulanıb ki, peşə bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət başçısının 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Hüseynov Əli Meybulla oğlu, Hüseynov Turqay İmanqulu oğlu, Hüseynova Esmira Hüseyn qızı, Qasımov Telman Abiəli oğlu, Quliyev Azər Şahbala oğlu, Məmmədova Leyla Polad qızı, Mustafayev Muxtar Nağı oğlu, Nəhmətov Fazil İldır oğlu, Rəsulov Arif Əmrulla oğlu, Rüstəmova Natəvan Famil qızı və Usub Elçin Arif oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
A.Bağırov sərəncamın ölkə Prezidentinin vəkillik sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib.
Sonra mərasimdə vəkillərə mükafatları təqdim olunub.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə, göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Bu istiqamətdə vəkilliyin inkişafına dəstək, o cümlədən vəkillərin fəaliyyətində göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür məktubunun göndərilməsi barədə qərar qəbul olunub.
Bizim Telegram kanalımıza abunə olun