IMG-LOGO

Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub, xəsarət alanlar var, araşdırma aparılır - YENİLƏNİB

23.01.2024 16:11 69 baxış
IMG

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, üç nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Cahangir oğlu Babayev və Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.

Şirvan Şəhər Prokurorluğundan qeyd olunub ki, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Şirvan Araz zavodu" MMC-də partlayış baş verməsi barədə məlumat daxil olub. İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

16:03

Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması müəyyənləşdirilir.

Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti