BP Azərbaycanın mədəni irsinin davamlı tanıdılması istiqamətində işləri davam etdirəcək.
"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Milli İncəsənət Muzeyində əsaslı təmir olunmuş "Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycan incəsənəti" adlı yeni sərgi zallarının və daimi ekspozisiyanın açılış mərasiminə deyib.
Onun sözlərinə görə, BP-nin dəstəyi ilə reallaşan layihə çərçivəsində artıq Milli İncəsənət Muzeyində möhtəşəm əsərləri daha aydın görmək mümkündür:
"Burada əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb. BP şirkətinin Azərbaycanın iqtisadiyyatına böyük töhfə verdiyi doğrudur. Lakin hər şey iqtisadiyyat deyil, incənəsət və mədəniyyət də çox önəmlidir".
Cio Kristofoli bildirib ki, BP Azərbaycan Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıqdan qürur duyur:
"Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanın qədim bədii irsinin qorunması və təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirmişik. Məsələn, ötən il Azərbaycan incəsənətinin şah əsərlərinə həsr olunmuş albom-kitab nəşr etdik və internet saytını istifadəyə verdik. Həmçinin, dünya ədəbiyyatının ən böyük xəzinələrindən biri olan Nizami Gəncəvinin "Xəmsə"sinə aid miniatürlərin qorunmasına da töhfə verdik".