Misli Premyer Liqasında 2025/2026 mövsümünün ikinci yarısı bu gün start götürəcək. Elita təmsilçiləri müxtəlif bölgələrdə qış təlim-məşq toplanışı keçməklə fasilədən maksimum istifadə etməyə çalışıblar. Bəs görəsən, komandalar qış "transfer pəncərəsi"ndən istədikləri kimi yararlana biliblər?
"Report" bununla bağlı Premyer Liqada mübarizə aparan klubların baş məşqçiləri arasında sorğu aparıb.
Valdas Dambrauskas ("Sabah"): "Yanvarın 5-də təlim-məşq toplanışına başladıq və hazırlığı Bakıda keçirdik. Hazırlığı ölkə xaricində keçməklə Bakıda bir araya gəlmək arasında heç bir fərq görmədim. Zədəli futbolçularımız sağalıblar və itkilərimiz yoxdur. Mövsümün ikinci yarısında bizi daha ciddi rəqabət və maraqlı matçlar gözləyir. Digər komandaların qış "transfer pəncərəsi"ndə nə etdikləri bizi maraqlandırmır. Yalnız öz komandamız barədə düşünürük.
Transfer dönəmi hələ başa çatmayıb və axtarışlara davam edirik. Oyun sisteminə uyğun gələn və bizə lazım olan futbolçu tapsaq, onları "Sabah"da görmək istəyərik".
Qurban Qurbanov ("Qarabağ"): "Təlim-məşq toplanışında əlavə bir oyun keçirsəydik, daha yaxşı olardı. Vaxt çatmadı. Futbolçularımız hazırlıq prosesində çox istəkli və intizamlı idilər. Mövsümün ilk hissəsindən sonra komandanın istirahətə də ehtiyacı var idi. Bəlkə başqa komandalara mane ola bilər. Amma bizə faydası oldu. Ən azından futbolçuların yorğunluğunu azalda bildik.
Transfer gözləntiləri çoxdur, alınmalıdır. Hansısa maneə olmasa, transfer olmalıdır. Danışıqlar davam edir".
Rəşad Sadıqov ("Zirə"): "Qış təlim-məşq toplanışı normal keçdi. Vaxtımız elə də çox deyildi. Təxminən 3 həftəlik hazırlıq dövrü keçdik - bir hissəsi Bakıda, bir hissəsi Türkiyədə. Yoxlama oyunlarında gücümüzü sanadıq. Ümumilikdə hazırlığı normal dəyərləndirirəm.
Təbii olaraq hər bir komanda kimi biz də istəyərdik ki, heyətimizə güclü futbolçular qataq. Hazırda təkcə Rüfət Abdullazadə ilə güclənmişik. Minumum bir futbolçu da transfer etməyi planlaşdırsaq da, hələ ki, namizəd və ya danışıq apardığımız kimsə yoxdur. İstərdik ki, hücum xəttinə bir futbolçu da əlavə edək".
Saşa İliç ("Sumqayıt"): "Təlim-məşq toplanışını Türkiyədə keçirdik. Sonuncu yoxlama matçında bəzi mikrozədəsi olan futbolçularımıza qarşıdakı çempionat oyununu düşünərək istirahət verdik. Toplanışda daha çox gənc oyunçularımız təcrübə qazandı. Onlar Avropanın sayılıb-seçilən komandalarına qarşı çıxış etmək fürsəti əldə etdilər. Bu fürsətin onlara karyeralarında kömək olacağına ümid edirəm.
Transfer dönəmində icarə əsasında transfer prosesləri aparmışıq. Ukraynanın "Polisya" klubuna məxsus olan yarımmüdafiəçi Emil Mustafayevi sıralarımıza cəlb etdik. "Sabah"a məxsus olan Rauf Rüstəmli isə komandadan ayrıldı".
Andrey Demçenko ("Araz-Naxçıvan"): Komanda təlim-məşq toplanışını çox yaxşı keçirdi. Planlaşdırdığımız hər şeyi yerinə yetirdik. Bəzi futbolçuların xırda zədələri oldu, amma ümumilikdə oyunçuların təxminən 70–80 faizi bütün planı tam şəkildə icra etdi. Üç yoxlama matçı keçirdik və həmin oyunlarda çatışmayan cəhətlərimizi bildik. Ona görə də görülən işdən razı qaldıq. Şükürlər olsun ki, qış hazırlığını ciddi zədə və itkilər olmadan başa vurduq.
Komandada 20 futbolçu və 3 qapıçı var. Heyətdə kifayət qədər legioner oyunçular da yer alır. Onlardan razıyıq və gözləntilərimiz böyükdür. İnanırıq ki, komandada olan oyunçular qarşıya qoyulan tapşırıqları lazımınca yerinə yetirəcəklər".
Ayxan Abbasov ("Şamaxı"): "Təlim-məşq toplanışları hər komanda üçün xeyirlidir. Mövsüm ərzində ağır oyunlar keçir və bu da futbolçularda psixoloji yorğunluq yaradır. İki həftə davam edən istirahət vaxtı futbolçular istər-istəməz fiziki formadan düşürlər. Təlim-məşq toplanışında bunu aradan qaldrımağa çalışdıq, hər şey qaydasında oldu. Artıq toplanışı başa vurub "Qəbələ" ilə oyunun hazırlığını davam etdiririk.
Transferə gəlincə, müəyyən büdcə ilə mövsümün əvvəlində komandanı formalaşdırmışıq. İndi həmin büdcədən kənara çıxa bilmirik. Qışda yalnız Sənan Muradlı komandadan ayrılaraq "Sumqayıt"a döndü, onun yerinə isə "Zirə"dən gənc futbolçu Ramiz Muradovu transfer etdik".
Yuri Vernidub ("Neftçi"): "Qış toplanışı yüksək səviyyədə təşkil olunmuşdu, çox xoşum gəldi. "Neftçi" rəhbərliyinə buna görə xüsusi təşəkkür edirəm. Futbolçular qarşıya qoyduğumuz tələbləri və yüklənmələri yerinə yetirdilər, yaxşı işlədilər, inkişaf göstərdilər. Bundan razıyıq. Hazırda komandada yaxşı ab-hava olduğuna görə məmnunuq. Üç yoxlama oyunu keçirdik, bütün futbolçuları sınaqdan keçirdik. Toplanış bizim üçün səmərəli keçdi.
Transferlərlə bağlı məsələyə gəlincə, hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmürəm. Çünki komandada kifayət qədər futbolçu var, hamı istəklidir və çalışır. Bu da məni qane edir. Bununla belə, "Neftçi"nin səviyyəsinə uyğun bir futbolçu olarsa, əlbəttə ki, bu variantı nəzərdən keçirəcəyik".
Azər Bağırov ("Kəpəz"): "Futbolçularımız ötən il dekabrın 20-dən bu il yanvarın 3-nə qədər istirahətə buraxılmışdılar. Lakin onlara "ev tapşırığı" kimi məşq proqramı vermişdik ki, boş oturmasınlar. Hər biri iki gündən bir bizə məşq prosesi ilə bağlı məlumat verirdilər. Təxminən 2 həftəlik hazırlıq dönəmində 2 yoxlama matçı keçirdik. Futbolçularımız verilən tapşırıqların öhdəsindən 80-90 faiz gəldilər.
Hər kəs bilir ki, qış "transfer pəncərəsi"ndə böyük dəyişikliklər etmək çətindir. Heç bir komanda yaxşı futbolçularını başqa klublara buraxmaq istəmir. Əslində biz heyətə yeni vinger qatmaq istəyirdik. Lakin Cefferson Bentunun komandadan ayrılması və düşərgəyə qayıtmaması planlarımızı dəyişdi. Belə də müdafiəçi transfer etmək məcburiyyətində qaldıq. İstədiyimiz bütün transferləri həyata keçirə bilmədik. Çünki vinger almaq istəyimiz baş tutmadı".
Kaxaber Sxadadze ("Qəbələ"): "Qış toplanışını Qəbələ və Bakıda keçirdik. Qəbələdə hazırlıq keçmək üçün lazımi şərait var. Bu səbəbdən də harasa getməyə ehtiyac duymadıq. Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirdik. "Kəpəz"ə qarşı Qəbələdə çıxış etdik, "Araz-Naxçıvan" və "Baku Sportinq"lə görüşləri isə Bakıda keçirdik. Yoxlama oyunları nəticə baxımından heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, səhvlərimizi görək və bunun üzərində işləyək. Qarşıda bzi ağır oyunlar gözləyir. İnanıram ki, komandamız qış fasiləsindən sonra daha yaxşı nəicələr göstərəcək.
Qış "transfer pəncərəsi" fevralın 10-dək açıqdır. Hələ ki, heyətə iki yeni futbolçu cəlb etmişik - hücumçu İsmael Akinade və müdafiəçi Seydina Keyta. Lakin transferlər üzərində işləyirik. Danışıq apardığımız futbolçular var. Komandada rəqabətin artırılması baxımından bəzi mövqelərin gücləndirilməsinə ehtiyac var. Rəhbərlik və məşqçilər heyəti səylə bunun üzərində çalışırlar".
Füzuli Məmmədov ("Karvan-Yevlax"): "Təxminən 2 hədtəlik toplanış müddətində 2 yoxlama görüşü keçirdik. Bu oyunlardan biri öz aramızda, digəri isə "Kəpəz"ə qarşı oldu. Məşqlər hər gün baş tuturdu. İlk həftə bizim üçün daha ağır idi. İkinci həftədə isə artıq taktiki məşqlərə üstünlük verməyə başladıq. Hazırlıq dönəmində göstərdikləri fədakarlığa görə futbolçularımızdan tam razıyıq. Artıq Misli Premyer Liqasında qarşılaşacağımız "Sabah"la oyuna hazırlaşırıq.
Qış transferlərinə gəlincə, heyətə daha çox oyunçu cəlb etməyi düşünürük. Ümumilikdə 4 oyunçu sıralarımızı tərk etdi. Onların boşluğunu 3 yerli futbolçu ilə doldura bildik".
Qeyd edək ki, Misli Premyer Liqası təmsilçilərindən yalnız ikisinin - "Turan Tovuz" və "İmişli" klublarının baş məşqçiləri sorğuya qatılmayıblar.





