Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rəşad Eyubov "Report"a müsahibə verib. Mütəxəssis son təlim-məşq toplanışı, hədəflər və qarşıdan gələn seçmə mərhələ oyunları haqqında fikirlərini bölüşüb.
- Son təlim-məşq toplanışını komandanın fiziki və taktiki hazırlığı baxımından necə qiymətləndirirsiniz? Planlaşdırdığınız proqramı tam icra edə bildinizmi?
- Oyunçuların fiziki hazırlığının müxtəlif səviyyələrdə olacağını anlayırdıq. Buna görə də əsas amillərdən biri bu fərqi minimuma endirmək üçün məşq prosesini necə balanslaşdıracağımızı müəyyən etmək idi. Fikrimcə, taktiki cəhətdən qısa müddət ərzində maksimum məlumat verə bildik. Ümumilikdə toplanışdan və oyunçuların nümayiş etdirdiyi performansdan razı qaldıq.
- Hazırda heyətdə olan futbolçuların ümumi durumu sizi qane edirmi?
- Daim izlədiyimiz 95-100 nəfərdən ibarət genişləndirilmiş oyunçu siyahımız var. Milli komanda ciddi səviyyədir və futbolçuları inkişaf etdirmək üçün vaxt yoxdur. Məqsəd oyunlar üçün ən uyğun futbolçuları seçməkdir. Siyahının genişlənməsinə və rəqabətin artmasına şadıq. Lakin eyni zamanda oyunçuların yüksək səviyyədə daha çox oyun müddəti almasını gözləyirik.
- Legioner həyatı yaşayan futbolçuların milliyə uyğunlaşma prosesi nə yerdədir?
- Komanda yeni oyunçuları çox yaxşı qarşıladı, onlar ortaq dil tapa bildilər. Ümumilikdə enerji və ab-hava yüksək səviyyədə idi.
- Keçirilən yoxlama oyunları haqqında düşüncələriniz necədir?
- Biz çoxlu faydalı məlumat topladıq. Bu, gələcəkdə bizə kömək edəcək. Gördüklərimdən razı qaldım. Ən əsası odur ki, oyunçular özlərini göstərməkdən və kreativ olmaqdan çəkinmirdilər.
- Bu matçlarda komanda ilə bağlı sizi ən çox sevindirən və ya əksinə, narahat edən məqamlar hansılar oldu?
- Məni ən çox sevindirən odur ki, oyunçular taktiki tapşırıqları tez başa düşüb, meydanda tətbiq edə bildilər.
- Heyətə dəvət etdiyiniz milli üzvlərinin öz klublarında yetərincə şans qazandığını düşünürsünüz?
- Oyunçular öz klublarında əsas heyət üzvü olmaq üçün maksimum güclə çalışırlar. Lakin anlamalıyıq ki, rəqabət səviyyəsi çox yüksəkdir.
- Xüsusən də bır sıra klubların sırf nəticəyə oynaması, heyətə legionelər dəvət etməsi işinizə nə dərəcədə mane ola bilər?
- Bizim üçün oyunçuların meydanda keçirdiyi dəqiqələr vacibdir. Lakin klubların və bizim öz məqsədlərimiz var və bu normaldır. Futbol oyunçu yığını deyil, oyunçu seçimidir. Hər kəs öz karyerası haqqında düşünməli və ondan maksimumunu almalıdır.
- Legioner limitinin ləğvi ilə bağlı fikirləriniz necədir? Bu, U-21 üçün faydalıdır, yoxsa ziyanlı?
- Mən limitin və məhdudiyyətlərin əleyhinəyəm. Ümumiyyətlə, hesab edirəm ki, süni mühit oyunçuların xeyrinə deyil. Kim güclüdürsə, o da oynasın. Klubların həm legionerlərin, həm də yerli oyunçuların keyfiyyətini dürüst qiymətləndirməsi vacibdir. Təəssüf ki, burada problemlər var. Görürük ki, çox vaxt üstünlük sırf legioner olduğuna görə əcnəbi oyunçuya verilir. Amma bu artıq limitin olmamasından necə istifadə etməyimizlə bağlıdır. Ümumilikdə isə, hesab edirəm ki, limit olmamalıdır.
- Qarşıdan gələn seçmə mərhələ oyunları üçün minimum və maksimum hədəfləriniz nədən ibarətdir?
- Məqsəd oyunlara düzgün hazırlaşmaqdır.
- Azarkeşlər U-21 millisindən daha çox müdafiəyəmeyilli, yoxsa hücumyönümlü futbol gözləməlidir? Sizin futbol fəlsəfəniz necədir?
- Müasir futbol qarşımıza çoxlu tapşırıqlar qoyur və "daha çox hücumameyilli komanda" və ya "daha çox müdafiəyəmeyilli komanda" kimi anlayışlar artıq silinib. Biz həm yaxşı müdafiə olunmalı, həm də yaxşı hücum etməliyik.
- Seçmə mərhələ oyunlarına qədər daha güclü rəqiblərlə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub? Hazırlıq planınızda hansı yeniliklər gözlənilir?
- Xeyr, yoldaşlıq oyunları üçün rəsmi "pəncərə" yoxdur.



