IMG-LOGO

Azərbaycan millisinin futzalçısı: "Yeni ildəki ilk oyunları qələbə ilə başa vurmaq istəyirik"

21 Jan 2026 12:42 3 baxış
IMG

Futzal üzrə Azərbaycan millisi yeni ildə doğma meydanda keçirəcəyi ilk oyunları qələbə ilə başa vurmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu yığmanın təcrübəli üzvü Oktay Rüstəmli Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, yanvarın 18-dən başlayan məşqlərin qrafik üzrə həyata keçirildiyini və heyətdə gənc oyunçuların da yer aldığını bildirib:

"Hazırlıq davam edir, yanvarın 18-dən məşqlər qrafik üzrə həyata keçirilir. Heyətdə gənc futzalçılar da var. Baş məşqçinin müəyyən tələbləri var, əsas istəyi müdafiədə diqqətli olmaq, səhvsiz oynamaq və sürətli hücuma çıxmaqdır. Elə etməliyik ki, top daha çox bizdə qalsın, məşqlərdə bunların üzərində işləyirik. Standart vəziyyətlərlə bağlı tapşırıqları yerinə yetiririk, nəzəri məşğələlər də olur".

O.Rüstəmli komandanın fiziki durumunun yaxşı olduğunu və azarkeşləri sevindirmək istədiklərini vurğulayıb:

"Fiziki hazırlığımız yaxşıdır, çalışırıq ki, yeni ildə doğma meydanda keçirəcəyimiz ilk oyunları qələbə ilə başa vuraq. Düzdür, yoldaşlıq oyunları komandanı rəsmi matçlara hazırlamaq üçündür, ona görə bəzən nəticə ikinci plana keçir. Əsas məqsəd baş məşqçinin tapşırıqlarını meydanda düzgün yerinə yetirməkdir".

Təcrübəli futzalçı rəqib komandanı təhlil etdiklərini və çətin oyun gözlədiklərini diqqətə çatdırıb:

"Danimarka millisi son illərdə inkişafdadır, reytinqdə bizdən geridə olduqları üçün DÇ-2028-in ilkin mərhələsindən mübarizəyə başlayacaqlar. Rəqibin oyununu izləmişik, baş məşqçimiz təhlil edib, videoları göstərib. Zəif tərəflərini və onlardan necə istifadə etməli olduğumuzu məşqlərdə öyrənirik. Çətin oyun olacaq, ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan və Danimarka yığmaları arasındakı yoldaşlıq oyunları yanvarın 22-si və 24-də keçiriləcək.

Xəbər lenti