Futbol üzrə Asiya Kubokunun qrup mərhələsinin ikinci turu çərçivəsində F qrupunda mübarizə aparan Qırğızıstan və Səudiyyə Ərəbistanı milli komandaları arasında keçirilmiş oyunda Yaxın Şərq təmsilçisi qalib olub.
“Report” xəbər verir ki, matç Qətərin Ər-Rayan şəhərinin Əhməd Bin Əli stadionunda baş tutub.
Yaponiyalı Dzümpei İidanın rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi oyunda iki qol vurulub. 35-ci dəqiqədə Məhəmməd Kano və 84-cü dəqiqədə Veysəl Əl-Həmdi Mərkəzi Asiya təmsilçisini məyus edərək səudiyyəlilərin qələbəsini təmin ediblər.
Qeyd edək ki, oyunun hələ doqquzuncu dəqiqəsində Qırğızıstan millisi azlıqda qalıb. 52-ci dəqiqədə isə meydandan qovulan qırğızıstanlıların sayı ikiyə çatıb.
Günün digəri oyununda isə Tailand və Oman heç-heçəyə razılaşıb – 0:0.
Beləliklə, Səudiyyə Ərəbistanı millisi altı xal toplayaraq pley-off mərhələsinin 1/8 finalına vəsiqəni təmin edib. “F” qrupunda növbəti pillələrdə Tailand (dörd xal), Oman (bir), Qırğızıstan (sıfır) qərarlaşıb.
Bizim Telegram kanalımıza abunə olun