Futzal üzrə Azərbaycan millisinin hədəfi dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır.
"Report" xəbər verir ki, komandanın qapıçısı Emin Kürdov bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan millisinin kapitanı yığmanın hazırlıq prosesi və qarşıdakı hədəfləri barədə danışıb.
O, kollektivin yeni formalaşdığını və hazırlıqların plana uyğun getdiyini söyləyib:
"Artıq dünəndən təlim-məşq toplanışı start götürüb. Qarşıda Danimarka millisi ilə iki yoldaşlıq oyunu var. Bu matçlar bizim üçün çox vacibdir, çünki komanda yenidən qurulur. Heyətdə artıq legionerlər yoxdur, hamısı yerli oyunçulardır. Nə qədər çox oyun olsa, təcrübə baxımından bir o qədər yaxşıdır. Məqsədimiz ilin sonunda start götürəcək dünya çempionatının seçmə mərhələsinə tam hazır olmaqdır. Əsas hədəfimiz isə ən azından pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Komandada böyük potensial var, sadəcə, bir az vaxt lazımdır".
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 22-si və 24-də Bakıda Danimarka yığması ilə yoldaşlıq görüşləri keçirəcək.