IMG-LOGO

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20.01.2024 19:00 105 baxış
IMG

Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı səfirliyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, əvvəlcə Azərbayanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç, Moskvada akkreditə olunmuş digər diplomatik missiyaların diplomatları, yerli ictimaiyyətin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və diasporumuzun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Polad Bülbüloğlu bildirib ki, bu gün xalqımız 34 il əvvəl Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə başda Mixail Qorbaçov olmaqla, SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun bölmələri Bakıya soxularaq, dinc əhalini kütləvi şəkildə qətlə yetiriblər. Bu hadisələr Azərbaycan tarixinə əbədi olaraq “Qara Yanvar" kimi daxil olub:

“SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrıseçkilik siyasətinə, indiki Ermənistan ərazilərindəki tarixi torpaqlarımızdan yüz minlərlə azərbaycanlının deportasiyasa olunmasına, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına etiraz edən geniş xalq kütləsinə qarşı sovet ordusunun iri hərbi hissələrinin yeridilməsi dəhşətli faciəyə səbəb oldu”.

Bakıda ən amansız aksiyalar nəticəsində cəmi bir gecədə onlarla günahsız insan şəhid olub, xeyli sakin ağır yaralanıb, bir neçə nəfər isə itkin düşüb.

P.Bülbüloğlu diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək, mətbuat konfransı keçirib, baş vermiş vəhşilikləri kəskin şəkildə pisləyərək, bunları dinc əhaliyə qarşı terror adlandırıb. Ulu Öndər Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək, hadisənin təşəbbüskarları və icraçılarının cəzalandırılmasını tələb edib.

Səfir xüsusilə vurğulayıb ki, 1994-cü ilin fevralında Milli Məclisin növbədənkənar iclasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı il yanvarın 20-də günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib, 20 Yanvar Azərbaycanda Milli Hüzn Günü elan edilib.

Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilib.

Bizim WhatsApp kanalımıza abunə olun