Azərbaycan Premyer Liqasının XIX turunda “Səbail”in qonağı olacaq “Zirə” üçün bu rəqibə qarşı səfər oyunları düşərlidir.
“Report”un məlumatına görə, zirəlilər 2017-ci ildən yaranan rəqabət çərçivəsində “Səbail” səfərində 9 dəfə qələbə qazanıblar.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 10-cu uğurunu əldə etməyə çalışacaq. Ümumilikdə “Səbail”in meydanında ölkə çempionatında 13 dəfə bu klubların iştirakı ilə paytaxt derbisi olub. Cəmi bir görüşdə bərabərlik qeydə alınıb ki, bu da 2021-ci ilin aprelinə təsadüf edib. “Səbail” doğma arenasında üç dəfə 3 xalın sevincini yaşayıb. Bunun da birində “Zirə” texniki məğlubiyyət (2018-ci il) alıb. “Səbail”in meydanında vurulan topların nisbətində “Zirə” rəqibini ikiqat üstələyir – 16:8.
Budəfəki derbi komandalar arasında yüksək liqada 26-cı matç olacaq. “Səbail” 4 dəfə qələbə qazanıbsa, 16 dəfə meydanı başıaşağı tərk edib. 5 görüşdə isə qalib müəyyənləşməyib. 25 qarşılaşmada cəmi 18 qol vurmağı bacaran “Səbail” özü 37 dəfə mərkəzə dəvət olunub. Orta hesabla hər matçda 2,2 qol vurulub.
“Səbail” “Zirə”ni sonuncu dəfə bir il əvvəl məğlub edib. “Dənizçilər” nə ötən mövsümün son matçında, nə də cari mövsümün ilk yarısındakı iki görüşdə “qartallar”a qalib gələ bilib.
Qeyd edək ki, yanvarın 22-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Zirə” oyunu saat 15:00-da başlayacaq. Hazırda “Zirə” 29 xalla ikinci, “Səbail” isə 26 xalla beşinci pillədə qərarlaşıb.
Bizim Telegram kanalımıza abunə olun