Mərkəzi Asiya ölkələri arasında Qazaxıstanda ilk dəfə "Süni intellekt haqqında" qanun 18 yanvar tarixində qüvvəyə minib.
"Report"un məlumatına görə, yeni normativ akt süni intellekt sistemlərinin sahiblərini bütün yaradılmış məzmunu – şəkillər, videolar, audioyazılar, mətnlər və digər məlumatları xüsusi nişanlamağa məcbur edir.
Qanun həmçinin bəzi neyron şəbəkələrin Qazaxıstanda fəaliyyətini qadağan edir və müəllif hüquqları ilə bağlı məsələləri tənzimləyir.
Sənədə əsasən, süni intellekt məzmununun yayılması yalnız onun maşın tərəfindən oxuna bilən formada nişanlanması və istifadəçi tərəfindən qəbul edilə biləcək vizual və ya digər xəbərdarlıqla müşayiət olunması şərti ilə mümkündür. Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi daha əvvəl vurğulamışdı ki, məsuliyyəti daşıyanlar məhz sistem sahibləri olacaq, istifadəçilər deyil.
"Yoxlamalar hər bir şəkil və ya videonun kütləvi şəkildə araşdırılması formasında deyil, süni intellekt sistemlərinin sahiblərinə qarşı nəzarət fəaliyyəti kimi aparılacaq. Səlahiyyətli orqan müraciətlərə, şikayətlərə, ictimai resursların monitorinqi və rəsmi yayım kanallarının nəticələrinə reaksiya verəcək. Yoxlanılan fakt ayrı-ayrı istifadəçilərin süni intellektdən istifadəsi deyil, sistem sahibinin qanunla tələb edilən nişanlama olmadan sintetik məzmunun yayılmasına yol verməsidir", – deyə qurumda qeyd olunub.
Normativ akt süni intellekt sistemlərini muxtariyyət dərəcəsinə görə üç növə ayırır, sistem sahiblərini insanın iradə azadlığını qorumağa məcbur edir və neyron şəbəkələrin fəaliyyətinə bir sıra qadağalar gətirir. Xüsusilə artıq respublikada insanları manipulyasiya edən, onların mənəvi və fiziki zəifliklərindən istifadə edən, insanları irqi, siyasi baxışları, dini mənsubiyyəti və digər xüsusiyyətlərinə görə diskriminasiya məqsədilə təsnif edən, həmçinin ölkə qanunları ilə qadağan olunmuş məzmun yaradan neyron şəbəkələr qadağan olunub.
Qanun pozuntusu halında süni intellekt sistemlərinin sahibləri 2026-cı ildə fiziki şəxslər üçün 127 ABŞ dollarından, iri biznes üçün isə 845 ABŞ dollarına qədər cərimə olunacaqlar.