Misir milli futbol komandasının kapitanı, habelə “Liverpul”un aparıcı futbolçusu Məhəmməd Salahın zədə səbəbindən buraxacağı oyunların sayı bəlli olub.
“Report” xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının mətbuat xidməti feysbukda məlumat yayıb.
Bildirilib ki, Afrika Millətlər Kubokunun qrup mərhələsinin Qana millisinə qarşı oyununda zədələnərək oyunu tərk etmiş hücumçuya əzələ dartılması diaqnozu qoyulub. Salah qrup mərhələsinin yekun oyunu buraxacaq. Həmçinin Misir millisi 1/8 finala çıxarsa, “qırmızılar”ın hücumçusu bu matçı da buraxmalı olacaq.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun qrup mərhələsinin iki oyunundan sonra Misir millisinin aktivində iki xal var. Şimali Afrika təmsilçisi qrupda ikinci pillədə qərarlaşıb. Qrupun lideri vaxtından əvvəl 1/8 finala yüksələrək 6 xal toplamış Kabo-Verde komandasıdır, Qana və Mozambik komandalarının hərəyə 1 xalı var. Son turda misirlilər yanvarın 22-də Kabo-Verde yığması ilə qarşılaşacaq.
31 yaşlı Salah hazırkı Afrika Millətlər Kubokunda bir qol vurub və bir məhsuldar ötürmə edib. İngiltərənin “Liverpul”unda çıxış edən hücumçu bu mövsüm komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizim WhatsApp kanalımıza abunə olun