“Mudafiədə bərbad təsir bağışladıq”.
“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov “Xırdalan”a 90:100 hesabı ilə məğlub olduqları Azərbaycan Basketbol Liqasının XI tur oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis oyunçuların tapşırıqları tam yerinə yetirmədiklərini bildirib: “Xüsusən də, rəqibin 21 xal toplayan yerli basketbolçusunu bağlaya bilmədik. Oyunçularıma deyirəm ki, rəqibin yaxşı çıxış edən üzvünə qarşı sərt oynayın, yeri gələndə fol edin, amma... Demək olar ki, oyunumuz alınmadı. Doğrudur, 3-cü bölümdə hesab arasındakı fərqi xeyli “əritdik”. Amma sonra yenə “3-lük”lər səbətimizə “töküldü”. Yerlilər də imkanlarından aşağı səviyyədə çıxış etdilər”.
Teymur Hüseynov məşqlərdə əks-hücum üzərində çalışdıqlarını söyləyib: “Rendallın oyununu bəyəndim. Smit və Dikson da yaxşı idilər. Növbəti matçlarda nəyi dəyişək? Nəyi dəyişə bilərik? Sürətli əks-hücuma çıxmağı məşq edirik. Bu gün ilk hissədə, demək olar ki, qaçmadıq. Bunu bacarsaydıq, nəsə edə bilərdik”.
Qeyd edək ki, hazırda “Xırdalan” 17 xalla beşinci, “Sumqayıt” isə 14 xalla səkkizinci pillədə qərarlaşır.
Bizim Telegram kanalımıza abunə olun