IMG-LOGO

Ekspert: “Bakı və İrəvan arasında vasitəçilik edənlər uğursuzluğa düçar olublar”

19.01.2024 15:11 99 baxış
IMG

Beynəlxalq vasitəçilik hər zaman çətindir və tarixi nümunələr bununla bağlı daha çox mənfi təcrübələrin olduğunu göstərir. Bu istiqamətdə uğursuzluğun bariz nümunələrindən biri ATƏT-in keçmiş Minsk qrupunun Qarabağ məsələsi ilə bağlı vasitəçiliyi olub.

Bunu “Report”a açıqlamasında italiyalı ekspert, Roma Sapienza Universitetinin professoru Daniel Pomier Vinçelli deyib.

“Mövcud məsələyə, yəni Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına gəlincə, hesab edirəm ki, istənilən beynəlxalq vasitəçilik zəif və qərəzli olub. Real sülh hər iki tərəfin qarşılıqlı anlaşma nümayiş etdirməsi zamanı əldə olunur. Bundan başqa, üç tərəf - ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya çətinliklərlə üzləşir. Bu da onların belə vasitəçilik rolunun öhdəsindən gəlməsini qəlizləşdirir”, - o əlavə edib.

Ekspertin sözlərinə görə, ABŞ prezident seçkilərinə hazırlaşır, Aİ-də parlament seçkiləri gözlənilir: “Ukraynadakı hərbi əməliyyatlar nəticəsində beynəlxalq təcrid vəziyyətində olan Rusiya isə bu vəzifənin öhdəsindən gələ bilmir”.

D.Vinçelli qeyd edib ki, Bakı ilə İrəvan arasında 30 ildən artıq davam edən münaqişədən sonra vasitəçilərin iştirakı olmadan bir neçə əsas məsələ üzrə mühüm razılıq əldə olunub:

“İki ölkə üçüncü tərəflərin iştirakı olmadan addımlar atdıqdan sonra nəticələr daha çox nəzərə çarpır. Belə nümunələrdən biri Ermənistanın Azərbaycanın xeyrinə COP29-a ev sahibliyi etmək üçün namizədliyini geri götürmək qərarıdır. Bundan başqa, tərəflər saxlanılan hərbi qulluqçuların qarşılıqlı mübadiləsi barədə də razılığa gəliblər. Onlar hər iki tərəf üçün əlverişli olan həllərin tapıla biləcəyini nümayiş etdiriblər. Cənubi Qafqazda sülh təkcə arzuolunan deyil, həm də zəruridir”.

Ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionu dünya birliyinin fəal iştirakçısına çevirəcək, onun üçüncü tərəflərin təsirinə düşməməsinə şərait yaradacaq.

Onun fikrincə, sülh və rifah şəraitində Cənubi Qafqaz sırf müxtəlif sahələrdə əməkdaşlıq yaratmaq məqsədilə Avropaya və Qərbə üz tuta bilərdi.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti