Fransanın Blois şəhərində fəaliyyət göstərən, sosial inteqrasiya və kulinariya bacarıqlarının inkişafına yönəlmiş "Mirabeau" assosiasiyasının mətbəx atelyesində Azərbaycanın milli xörəyi olan "Səbzi plov" təqdim edilib.
"Report" xəbər verir ki, tədbir çərçivəsində fransız iştirakçılar Azərbaycan mətbəxinin zənginliyi və süfrə mədəniyyəti barədə ətraflı məlumatlandırılıb.
Atelyedə Azərbaycanı təmsil edən Nərminə Məmmədova fransız qonaqlar üçün xüsusi olaraq "Səbzi plov" hazırlayıb. O, bişirilmə prosesinin iştirakçılar tərəfindən böyük maraqla izlənildiyini vurğulayıb:
"Azərbaycan mətbəxini təmsil etmək mənim üçün qürurvericidir. Hazırlanma prosesi boyunca iştirakçılar böyük həvəslə mənə kömək etdilər, hər bir detalı öyrənməyə çalışaraq resepti qeydə aldılar. Süfrə ətrafında isə söhbətimiz yalnız kulinariya ilə məhdudlaşmadı; Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixi haqqında geniş fikir mübadiləsi aparıldı. Bir daha əmin oldum ki, fransız qonaqlar üçün Azərbaycan mətbəxinin ən uğurlu seçimlərindən biri məhz 'Səbzi plov'dur".
Sonda qonaqlara milli üsulla dəmlənmiş Azərbaycan çayı və ballı tort təqdim olunub. Tədbir iştirakçıları Azərbaycanın bu ahəngdar dadlarının onlarda zəngin təəssürat yaratdığını bildiriblər.







