IMG-LOGO

QDİƏT-in Baş katibi: Ayder Forumunun nüfuzlu tədbir kimi tanıdılmasında Azərbaycanın önəmli rolu var

16 Jan 2026 17:44 3 baxış
IMG

Beynəlxalq Ayder Forumunun nüfuzlu bir tədbir olaraq dünyaya tanıdılmasında Azərbaycanın önəmli rolu var.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi professor Asəf Hacıyev İkinci Beynəlxalq Qara dəniz Rize Ayder Forumunu dəyərləndirərkən bildirib.

O deyib ki, Şuşa Azərbaycanın Davosu kimi milli və beynəlxalq məsələlərin müzakirə mərkəzinə çevrilib. Türkiyənin Rize vilayətinin Ayder yaylası da dünyanın diqqət mərkəzində olacaq bir mövqeyə sahibdir: "Ona görə də, hesab edirəm ki, bu tədbirin başda Azərbaycan olmaqla türk dünyası tərəfindən geniş təbliğ olunması vacibdir".

QDİƏT-ə daxil olan dövlətlər arasında enerji təhlükəsizliyi baxımından ən böyük layihələrin Azərbaycandan başladığını vurğulayan A.Hacıyev bu mənada onun belə beynəlxalq tədbirlərdə də aparıcı rolunun olduğunu qeyd edib:

"Qara dəniz artıq dünyanın çox önəmli bölgəsinə çevrilib. Çünki bu təşkilat Asiya ilə Avropa arasında bir körpüdür. Genişləndirilmiş Qara dəniz bölgəsi deyilən beynəlxalq bir termin də qəbul olunub. Buraya yalnız Qara dənizə çıxışı olan ölkələr deyil, Aralıq, Xəzər, Mərmərə dənizi bölgələri də daxildir.

Ümumilikdə, bir bölgə olaraq buradan böyük həcmdə enerji - qaz və neft dünya bazarlarına çıxarılır. Və sevindirici hal odur ki, bu ölkələr arasında ən böyük layihələrin başlanğıcı Azərbaycanda qoyulub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, TAP vasitəsilə Azərbaycanın təbii mənbə məhsulları dünya bazarlarına çatdırılır. Ona görə də hesab edirəm ki, Türkiyənin Beynəlxalq Ayder Forumunun nüfuzlu bir tədbir kimi tanıdılmasında Azərbaycanın önəmli rolu var".

II Beynəlxalq Ayder Forumunun "Enerji, qlobal təhlükəsizlik və diplomatiya" mövzusuna həsr olunduğunu xatırladan Baş katib hazırda həyatın ayrılmaz hissəsinə çevrilən süni intellektin inkişafında enerjinin rolundan da danışıb:

"Bütün sahələrdə olduğu kimi, burada da yenə enerji ön plana çıxır. Enerji mövzusunda da söhbət yalnız neft və qazdan getmir. Eyni zamanda, külək, günəş və sair kimi alternativ enerji mənbələri də bura daxildir. Alternativ enerj, yaşıl enerji baxımından da Azərbaycan zəngin ölkədir. Azərbaycan-Türkiyə qardaşlığının dünyada analoqu olmayan nümunəvi, birgə fəaliyyəti var. Bu mənada, Beynəlxalq Ayder Forumunun gələcək fəaliyyətində Azərbaycanın daha aparıcı yer tutacağına inanıram".

Qeyd edək ki, 14-17 yanvar tarixlərində Türkiyənin Rize şəhərində İkinci Beynəlxalq Qara dəniz Rize Ayder Forumu keçirilir. "Enerji, qlobal təhlükəsizlik və diplomatiya" başlıqlı forumda enerji təhlükəsizliyi, regional və qlobal enerji rəqabəti, dayanıqlı inkişaf, enerji diplomatiyası, Qara dəniz–Avrasiya regionunda strateji əməkdaşlıq perspektivləri mövzuları ətrafında müzakirələr aparılır.

Xəbər lenti