IMG-LOGO

"Gənclər" klubunun direktoru: "Azərbaycan Yüksək Liqasında uğur qazanmaq barədə düşünmürük"

16 Jan 2026 16:25 2 baxış
IMG

"Gənclər" voleybol klubunun kişi və qadınlardan ibarət komandaları Azərbaycan Yüksək Liqasında uğur qazanmaq barədə düşünmür, əsas məqsəd təcrübə toplamaqdır.

Bunu "Report"a açıqlamasında adıçəkilən klubun direktoru Ziya Bəylərzadə deyib.

O, hər iki komandanın ölkə çempionatındakı uğursuz çıxışına münasibət bildirib:

"Gənclər" üçün Azərbaycan Yüksək Liqasında çıxış etmək özü bir uğurdur. Bu komandalar layihə olaraq yaradıldı və əsas məqsəd Yüksək Liqada təcrübə toplamaqdır. Heyətdə yer alan voleybolçuların 13, 14, 15 yaşları var. Onlar özlərindən qat-qat güclü əcnəbi idmançılara qarşı mübarizə aparırlar. "Murov Az Terminal"a qarşı sonuncu oyunu xüsusi qeyd etmək istəyərdim. Bir setdə hesab 26:24 oldu. Bu isə başabaş mübarizədən xəbər verir. Yüksək Liqada nailiyyət qazanmaq barədə düşünmürük. Bizim üçün əsas onların təcrübə toplamalarıdır. İnanırıq ki, bu voleybolçular 2 ildən sonra yığmanın üzvləri olacaqlar".

Komandaların formalaşdırılması və hazırlıq prosesi haqqında danışan klub rəsmisi qeyd edib ki, heyətdə yer alan oyunçuları il yarım ərzində seleksiya işləri görərək regionlardan seçiblər:

"Baş məşqçimiz il yarım ərzində onları oyunlara hazırlayıb. Matçlarımızı yaxından izləyənlər bilir ki, həmin voleybolçular necə əzmkar çıxış edirlər".

Qeyd edək ki, "Gənclər" klubunun kişi və qadınlardan ibarət komandaları Azərbaycan Yüksək Liqasının turnir cədvəllərində 0 xalla sonuncu sırada qərarlaşıb.

Xəbər lenti