Qadınlar arasında şahmat üzrə I Dəstənin qalibi olan Lalə Hüseynova Azərbaycan çempionatında da yüksək yerlər uğrunda mübarizə aparacaq.
Bunu "Report"a açıqlamasında gənc şahmatçı özü bildirib.
O, I Dəstədə qalib gəldiyi üçün sevincli olduğunu söyləyib:
"2025-ci ildə də I Dəstənin qalibi olmuşdum. Həm ötən yarışda, həm də indi gərgin mübarizələrə şahidlik etdik. Lakin doğrusu, 2026-cı ildəki yarışı daha asan qələbələrlə başa vurdum. İndidən əsas çempionata hazırlaşıram. Qarşıda bizi Azərbaycan çempionatı gözləyir. İnanıram ki, uğurlarımın davamını gətirə biləcəyəm. Daha əvvəl bir neçə dəfə beynəlxalq yarışlara da qatılmışam. Bu, mənim üçün ilk deyil. Azərbaycan çempionatında yüksək yerlər uğrunda mübarizə aparacağam".
Qeyd edək ki, 18 iştirakçının qatıldığı qadınların mübarizəsində 8 xal toplayan Lalə Hüseynova birinci olub. İkinci yeri tutan Zəhra Allahverdi də Azərbaycan çempionatına vəsiqə qazanıb.