IMG-LOGO

Səfir: Litva Bakıda keçiriləcək WUF13-də nümayəndə heyəti ilə təmsil olunacaq

16 Jan 2026 15:15 2 baxış
IMG

Litva bu il Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) nümayəndə heyəti göndərməyi planlaşdırır.

Bu barədə "Report"a Litvanın Azərbaycandakı səfiri Kyastutis Vaşkelyaviçyus bildirib.

"Hələ nümayəndə heyətinə kimin başçılıq edəcəyini bilmirik. Lakin nümayəndə heyəti, şübhəsiz, iştirak edəcək", - deyə o qeyd edib.

Səfir fürsətdən istifadə edərək Azərbaycanı beynəlxalq tədbirlərin uğurla təşkil edilməsi münasibətilə təbrik edib. Xüsusilə də 2024-cü ildə COP29 iqlim konfransının yüksək səviyyədə təşkilini vurğulayıb. "Bakı bir çox beynəlxalq tədbirlər üçün məkana çevrilir, qarşıdan gələn WUF13 də onlardan biridir. Biz Litva nümayəndə heyətinin iştirakını və ikitərəfli münasibətlərimizin inkişafını səbirsizliklə gözləyirik", - o deyib.

Diplomat həmçinin Bakı və Vilnüs arasında ikitərəfli münasibətlərin gələcək inkişafına və qarşılıqlı səfərlərə ümidvar olduğunu bildirib. O, xüsusilə, nazirlər və nazir müavinləri səviyyəsində əlaqələrin mümkünlüyünü qeyd edib və gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsini istisna etməyib.

"Bu məsələlər hələ diplomatik kanallarla əlaqələndirilir və konkret tarixlər barədə danışmaq tezdir. Buna baxmayaraq, mən 2026-cı ildə Litva və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə müsbət baxıram", - deyə səfir əlavə edib.

Xəbər lenti