IMG-LOGO

Tbilisidə neonasist qrupun 16 üzvü həbs edilib

16 Jan 2026 14:29 3 baxış
IMG

Gürcüstan hüquq-mühafizə orqanları ölkə daxilində insanlara qarşı zorakılığa yol verən radikal neonasist qrupun 16 üzvünü həbs edib.

"Report" xəbər verir ki, həbs olunanlardan 10-u yetkinlik yaşına çatmayan şəxslərdir.

Tbilisi Polis Departamentinin direktoru Vaja Siradzenin açıqlamasına görə, aparılan aylarla davam edən istintaq zamanı qrup üzvlərinin özlərini neonasist adlandırdığı, faşist ideologiyası ilə idarə olunduğu və qurbanlarına qarşı radikal münasibət göstərdiyi müəyyən edilib. Zorakılıq aktları mobil telefonlarla çəkilib və internetdə yayımlanıb. Hadisələr nəticəsində 4-ü azyaşlı olmaqla on nəfərdən çox şəxs yaralanıb.

Şəxsi və yaşayış evlərində aparılan axtarış zamanı qurbanlara qarşı zorakılığı əks etdirən mobil telefonlar, maskalar, elektron cihazlar, nasist simvolları, həmçinin səs və soyuq silahlar müsadirə olunub.

Qeyd edilir ki, radikal qrupun iki lideri – Levan Abesadze və Davit Cəfərov artıq oxşar ittihamlarla cəza çəkir. Digər yeddi üzv də onlarla birlikdə həbs olunub. İstintaq davam edir və digər zorakı qrup üzvlərinin müəyyən edilməsi məqsədilə tədbirlər görülür.

Xəbər lenti