Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə sülh danışıqlarını müzakirə etmək üçün gələn həftə İsveçrənin Davos şəhərində görüşməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın "El País" qəzeti Aİ strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr xatırladıb ki, Davosda Dünya İqtisadi Forumu (DİF) bu il 19-23 yanvar tarixlərində keçiriləcək. Forumda Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir.
Avropa Komissiyasının sədrinin çıxışı yanvarın 20-nə planlaşdırılıb, Trampla görüşün isə ilkin olaraq növbəti gün keçirilməsi nəzərdə tutulub.