IMG-LOGO

BP "Əşrəfi–Dan Ulduzu–Aypara" sahəsi üzrə ətraf mühitin ilkin vəziyyətini müəyyən edib

16 Jan 2026 13:36 4 baxış
IMG

Abşeron yarımadasının dəniz hissəsində yerləşən "Əşrəfi–Dan Ulduzu–Aypara" (ADUA) sahəsi üzrə ətraf mühitin ilkin vəziyyətinə dair məlumatlar qonşuluqda aparılmış ekoloji tədqiqatların nəticələri əsasında formalaşdırılıb.

"Report" xəbər verir ki, bunu RSK şirkətinin Azərbaycan üzrə meneceri Ülviyyə Seyidməmmədova ADUA layihəsi üzrə seysmik tədqiqat proqramına həsr olunmuş ictimaiyyət üçün onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, ilkin ekoloji qiymətləndirmə zamanı qonşuluqda yerləşən "Qarabağ" müqavilə sahəsində 2017 və 2020-ci illərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən aparılmış ətraf mühit tədqiqatlarının nəticələrindən istifadə edilib. Həmin tədqiqatlar 150-200 metr su dərinliyində həyata keçirilib.

"ADUA sahəsi üzrə ətraf mühitin ilkin vəziyyətinin müəyyənləşdirilməsində regionda əvvəllər aparılmış etibarlı və təmsiledici ekoloji tədqiqatların nəticələri əsas götürülüb", - deyə Ü.Seyidməmmədova vurğulayıb.

Bununla yanaşı, Abşeron Yarımadasının Dayazsulu (AYDS) sahəsinin şimal hissəsində BP tərəfindən NKX-1 quyusu üzrə 2018-ci ildə aparılmış ekoloji tədqiqatın nəticələri də ilkin məlumat bazasına daxil edilib.

Qeyd edib ki, bu tədqiqat Xəzərin dayaz su mühitlərinə dair təmsiledici məlumatlar təqdim edir və 18–23 metr dərinlikdə icra olunub.

"İlkin qiymətləndirmələr zamanı ADUA sahəsi üzrə yerli elmi mütəxəssislər tərəfindən hazırlanmış ədəbiyyat icmallarından da istifadə edilib. Sözügedən icmallar Xəzər suitiləri, quşlar, eləcə də balıqlar və balıqçılıq təsərrüfatları ilə bağlı mövcud elmi məlumatları əhatə edir", - Ü.Seyidməmmədova qeyd edib.

Bildirib ki, 2019-cu ildə aparılmış 2D/3D seysmik tədqiqatlar və Aypara-1 quyusunun qazılması üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərində də qonşu "Qarabağ" sahəsində aparılmış ekoloji tədqiqatların nəticələrinə istinad edilib.

Eyni zamanda qeyd olunub ki, BP gələcəkdə ADUA üzrə kəşfiyyat quyusu üçün ƏMTQ sənədinin hazırlanması məqsədilə 2026-cı ildə ətraf mühit üzrə ilkin tədqiqatların aparılmasını planlaşdırır.

"Qarabağ" müqavilə sahəsində aparılmış ekoloji tədqiqatlar çərçivəsində 10 stansiyada plankton nümunələri götürülüb. Araşdırmalar zamanı 21 növ fitoplankton və 15 növ zooplankton müəyyən edilib. Nümunələrdə yerli olmayan diatom növü "Rhizosolenia calcar-avis" sayca dominant olub. Zooplanktonlar arasında isə "Acartia tonsa" və "Eurytemora minor" növləri üstünlük təşkil edib. 2020-ci il tədqiqatlarında "Mnemiopsis leidyi" növü qeydə alınmayıb".

Ü.Seyidməmmədova qeyd edib ki, NKX-1 quyusu üzrə 2018-ci ilin iyulunda aparılmış tədqiqat zamanı isə 4 ərazidə plankton nümunələri götürülüb:

"Nəticələrə əsasən, 36 fitoplankton növü müəyyən edilib və diatomlar ilə dinoflagellatlar ümumi biokütlənin təxminən 80 %-ni təşkil edib. Zooplanktonlar arasında "Acartia tonsa" növü dominant olub, "Mnemiopsis" isə az sayda müşahidə edilib. Araşdırmalar göstərir ki, həm "Qarabağ" sahəsində, həm də NKX-1 üzrə aparılan tədqiqatlarda kürəkayaqlılar, ikitaylılar və bığayaqlıların sürfələri qeydə alınıb".

Xatırladaq ki, 2024-cü ilin sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağı və "Əşrəfi - Dan Ulduzu – Aypara" (ADUA) sahəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Birinci blok Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100 % iştirak payına malikdir.

İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən "Əşrəfi - Dan Ulduzu - Aypara" (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 %-nə malikdir.

Xəbər lenti