IMG-LOGO

Şahin Diniyev: “Bizim bəlamız “Turan Tovuz”la oyundan sonra başladı” - MÜSAHİBƏ

19.01.2024 12:13 66 baxış
IMG

“Səbail” klubunun baş məşqçisi Şahin Diniyevin “Report”a müsahibəsi

- Premyer Liqada qış fasiləsi artıq başa çatır. İlk yarını necə dəyərləndirmək olar? - Mövsümə yaxşı başlamadıq, ilk üç turda 1 xal topladıq. Daha sonra 12-ci tura qədər yaxşı futbol sərgilədik və uğurlu nəticələr qazandıq. Bizim bəlamız 12-ci turda “Turan Tovuz” üzərində qələbə qazandığımız matçdan sonra başladı. Həmin görüşdə 4 futbolçumuz zədələndi. Hamısı da görünməyən zədələr idi. Ardından Cabir Əmirli əməliyyat olundu. Ağabala Ramazanov, David Qomis və Aleksandr Ramalinqomun sıradan çıxmaları hücum xəttində böyük problemlərə yol açdı. Bu səbəbdən sonrakı 6 oyunu yaxşı keçirə bilmədik. Yalnız qış fasiləsi ərəfəsində toparlandıq, sonradan oyuna qoşulanları da sistemə sala bildik. Ancaq 5-6 futbolçunun olmaması bizə böyük zərbə vurdu. Həm oyunumuzu itirdik, həm də istədiyimiz xalları toplaya bilmədik. Bir sözlə, mövsümün ilk yarısını üç hissəyə bölmək olar.

- Sadaladığınız amilləri nəzərə alsaq, ilk yarını ürəyiniz istəyən mövqedə bitirmədiyiniz qənaətinə gəlmək olar? - Səmimi cavab verim. Əvvəlcədən desəydilər ki, qış fasiləsinə ikinci pillədəki komandadan 3 xal geridə, turnir cədvəlinin isə ilk “beşliy”ində yollanacaqsınız, razılaşardım. Ancaq göstərdiyimiz oyuna əsasən bildirməliyəm ki, “Turan Tovuz”la qarşılaşmada dediyim problemləri yaşamasaydıq, daha çox xal toplayardıq. Bir tərəfdən üzülür, digər tərəfdən sevinirəm.

- Türkiyədəki təlim-məşq toplanışı zamanı iki yoxlama görüşü keçirdiniz. Rumıniya təmsilçisi “Universitatya Kluj” (0:0) və Rusiya “Fakel”inə (0:1) qalib gələ bilmədiniz. Mövsümün ikinci yarısına hazırsınız? - Bununla bağlı fikirlər müxtəlif ola bilər. Yəni məşqçinin düşündükləri alınmaya da bilər. İlk oyunlarda uyğunlaşma prosesi getməlidir. Ancaq yenə də səmərəli toplanış keçirdik. Fikrimcə, komandam ikinci yarıya tam hazırdır.

- İki yeni hücumçunu heyətinizə qatdınız. Planda başqa transferlər də var? - Heyətimizi keniyalı Ayub Masika və qvineya-bisaulu Madi Queta ilə gücləndirdik. Onların kollektivə uyğunlaşma dönəmi də vacib olacaq. İndi yaxşı futbolçu transfer etmək çox çətindir. Masika və Quetanı da çətinliklə heyətə qatdıq. Əslində güclənmədik, hücumdakı boşluqları doldurduq. David Qomis, Ağabala Ramazanov və Süleyman Əhmədovun yoxluğunda ön xətdəki problemi həll etdik.

- Premyer Liqa və ölkə kubokunu nəzərə alsaq, qarşıdakı 5 oyunun 3-nü “Zirə”yə qarşı keçirəcəksiniz. Eyn rəqiblə tez-tez qarşılaşmaq bezdirici olmur? - Qısa zaman ərzində eyni rəqiblə tez-tez üz-üzə gəlmək hər iki komanda üçün çətindir. Həm çempionat, həm də kubok görüşü bizim üçün vacibdir. Hər iki cəbhədə “vuruşacağıq”. “Zirə” çox yaxşı təşkilatlanmış komandadır və futbolçu seçimi yaxşı olan məşqçiləri var. Hər iki komanda liderlər qrupunda qərarlaşıb. Başa düşürük ki, çempionatın qarşıdakı görüşü 6 xala bərabər olacaq.

- Aranızda cəmi 3 xal fərq var. Hədəf müəyyənləşdirmək baxımından bunu həlledici matç hesab etmək olar? - Həlledici olacağını düşünmürəm. Ondan sonra çempionatda hələ 17 görüş olacaq. 2-3 tur ərzində çox şey dəyişir.

- Mövsümü neçənci pillədə başa vurmaq sizin üçün uğur sayılacaq? - Çox çətin sualdır. Mövsümün əvvəlindən qarşıya qoyulan vəzifə ilk “altılıq”da yer almaqdır. Burada nə qədər irəli addım atsaq, bizim üçün uğur olacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti